​Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilib

​Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilib Tədbirin plenar iclaslarında rabitə, təhsil və qeyri-neft sektoru ilə bağlı müzakirələr aparılıb
Biznes
17 Mart , 2015 16:25
​Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilib. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə forumun əsas təşkilatçısı olan "The Economist" jurnalının redaktoru Con Endryus (John Andrews) açıb.

Dünyada və regionda baş verən son prosesləri qısa şərh edən C.Endryus qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb.

Azərbaycanın neftin qiymətinin ucuzlaşmasından sarsılmadığını deyən rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov informasiya-kommunikasiya sahəsində görülən işlərdən bəhs edib: "Bu gün ixracımızın 93%-i neft və neft məhsullarından asılıdır. Hesab edirəm ki, biz bu asılılığı azaltmalıyıq. Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır. Bunun üçün də neçə illərdir iş gedir".

Azərbaycanın MDB ölkələri arasında lider olduğunu deyən Ə.Abbasov hazırda aktiv internet istifadəçilərinin sayınının 72-73% olduğunu deyib: "Azərbaycan aktiv IP siyahısında 49-cu yerə qalxıb. Biz həmçinin 2017-ci ildə üçünçü kosmik peykimizi kosmosa çıxaracağıq. Əsas məqsədimiz 2020-ci ildə əhalinin 95%-ni sürətli internetə əlçatan etməkdir".

Tədbirdə iştirak edən təhsil naziri Mikayıl Cabbarov isə ölkədə aparılan təhsil islahatlarından və bu islahatların nəticəsi olan "Sabah qruplar"ı haqqında danışıb.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə ölkədə son on ildə sənayenin inkişafı ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, son on ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 3, dövlət büdcəsi 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunun da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib: “Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb, orta və uzun müddətdə ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”.

Daha sonra isə müzakirələr rabitə, təhsil və başqa qeyri-neft sektoruna aid plenar iclaslarda davam etdirilib.

Son xəbərlər

Orphus sistemi