Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-ABŞ biznes-forumu işə başlayıb. “Report” xəbər verir ki, tədbirdə Azərbaycanın vergilər naziri Fazil Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və başqa rəsmi şəxslər iştirak edirlər.
Forumda bankçılıq və maliyyə, enerji və sənaye, kibertəhlükəsizlik və onlayn ticarət, kənd təsərrüfatı və ticarət, eləcə də nəqliyyat sahəsi üzrə müzakirələr aparılacaq.
Tədbir çərçivəsində Azərbaycan hökuməti ilə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) arasında anlaşma memorandumu imzalanacaq.
Biznes-forumda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri R.Sekuta bildirib ki, 2014-cü ilin statistikasına görə, ABŞ-la Azərbaycan arasında birbaşa investisiyalar 89 mln. dollara çatıb. Onun sözlərinə görə, Azərbaycan da ARDNF-in xətti ilə ABŞ-a investisiya yatırır: "Çox sevinirəm ki, "AmCham"ın tövsiyyələtinə bir sıra qurumlar, o cümlədən də Palata (MBNP) əməl edir".
Səfir qeyd edib ki, 25 il ərzində ABŞ Azərbaycandan 1,3 mlrd. dollar həcmində mal idxal edib.