Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçiriləcək

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçiriləcək Bu il 25-ci Beynəlxalq Biznes Forum (IBF) Bakıda keçiriləcək.
Biznes
101
6 İyul , 2021 14:14
Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçiriləcək

Bu il 25-ci Beynəlxalq Biznes Forum (IBF) Bakıda keçiriləcək.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Məlumata görə, tədbir dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. 1995-ci ildə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təsis etdiyi və ildə bir dəfə keçirilən forum çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və s. tədbirlər təşkil olunur.

Bu gün iş adamlarının, biznes assosiasiyaların və IBF-in nümayəndələrinin iştirakı ilə KOBİA və Forum arasında 25-ci IBF-in Forumunun Bakıda keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.

Tədbirdəki çıxışında O. Məmmədov IBF-in ölkəmizdə keçirilməsinin iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli olacağını bildirib. Qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur. Forum post-COVİD dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından da əhəmiyyətli olacaq.

Beynəlxalq Biznes Forumun rəhbəri Erol Yarar və MÜSİAD sədri Abdurrahman Uzun 25 ildir keçirilən İBF forumunun əhəmiyyətinə dair fikirlərini bölüşüb, növbəti tədbirin Bakıda keçirilməsindən məmnunluqlarını bildiriblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov forumun iş adamları arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın inkişafı, eləcə də ölkəmizin biznes mühitinin təqdim olunması baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Tədbir çərçivəsində həmçinin, İBF-in fəaliyyətinə dair film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi