Bakıda “İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu” mövzusunda tədbir keçirilib

Bakıda “İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu” mövzusunda tədbir keçirilib İştirakçılar ölkədə qablaşdırma məhsulları istehsal edən 20-yə yaxın şirkətin məhsullarından ibarət sərgi ilə tanış olublar
Biznes
2885
14 Fevral , 2017 18:22
Bakıda “İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu” mövzusunda tədbir keçirilib

Bakı. 14 fevral. REPORT.AZ/ Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, ölkəmizdə qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə “İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu” mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ölkədə qablaşdırma məhsulları istehsal edən 20-yə yaxın şirkətin məhsullarından ibarət sərgi ilə tanış olublar.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, aparılan islahatlar barədə məlumat verib. Qeyd edilib ki, dövlət başçısı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi sahəsində mühüm qərarlar qəbul edilib. Vurğulanıb ki, bu yaxınlarda keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 3-cü ilinin yekunlarına həsr olunmuş Konfransda Prezident İlham Əliyev digər sahələrlə yanaşı, müasir standartlara cavab verən qablaşdırmanın təşkili və bu sahədə idxaldan asılılığın azaldılması barədə tapşırıqlar verib. 

Qablaşdırmanın təşkili, bu sahədə istehsalın artırılması və dövlət dəstəyi tədbirləri barədə məlumat verən nazir Şahin Mustafayev deyib ki, qablaşdırma sahəsində müəyyən uğurlarımız olsa da, bu sahənin genişləndirilməsi vacibdir. Qablaşdırma iqtisadiyyatın digər sahələri ilə sıx əlaqədə fəaliyyət göstərir və qablaşdırma sənayesinin məhsullarından digər sektorlarda geniş istifadə olunur. Hazırda plastik kütlədən tara materialları üzrə özünü təminat səviyyəsi 63%, kağız və kartondan tara materialları üzrə 57%, butulka və digər şüşə taralar üzrə 33%-dir. Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı, istehsal və emal sahələrinin genişlənməsi, ixrac imkanlarının artması qablaşdırma sənayesinin genişləndirilməsini zəruri edir. 

Nazir Şahin Mustafayev qeyd edib ki, qablaşdırma sahəsində fəaliyyət göstərən və ya yeni fəaliyyətə başlamaq istəyən sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən, həmçinin investisiya təşviqi və digər dəstək mexanizmlərindən yararlana bilərlər. Bu günkü tədbirin əsas məqsədi də qablaşdırma sahəsinin inkişafına dəstək vermək, yerli məhsulların tanıdılması və qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarlarla istehsalçıların əlaqələrinin genişləndirilməsidir. Tədbir çərçivəsində təşkil edilən sərgidə nümayiş olunan müasir qablaşdırma məhsulları sahibkarlar arasında əməkdaşlığı gücləndirməklə yanaşı, istehsal olunmuş məhsulların ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verəcək.

Nazir Şahin Mustafayev həmçinin, ixracın inkişafına digər dəstək mexanizmləri barədə məlumat verib, Belarusda yaradılmaqda olan Azərbaycan Ticarət Evinin layihə görüntüləri nümayiş olunub. Qeyd edilib ki, Belarusdakı Ticarət Evi yaxın 2 ay müddətində fəaliyyətə başlayacaqdır. Belə ticarət evlərinin həmçinin, Rusiya və Ukraynada da yaradılması nəzərdə tutulur. Bununla yanaşı, artıq Azərbaycanın Rusiyada ticarət nümayəndəsi təyin olunub.

Bildirilib ki, xarici ölkələrə ticarət missiyalarının təşkili də davam etdirilir. Artıq Çin, BƏƏ, Almaniya, Pakistan və Əfqanıstana Azərbaycanın ticarət missiyaları təşkil olunub. Növbəti belə missiya Qətərə təşkil ediləcək. Bundan başqa, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara 600 min manata yaxın vəsait geri ödənilib.

Tədbirdə qablaşdırma sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Sahibkarlar istehsal etdikləri qablaşdırma məhsulları barədə məlumat verib, müasir qablaşdırma istehsalının genişləndirilməsi tədbirlərinin davam etdiriləcəyini, yerli istehsalçıların tələbatına uyğun sifarişlərin həyata keçiriləcəyini və bu istiqamətdə sahibkarlar arasında əməkdaşlığın gücləndiriləcəyini bildiriblər, bu sahənin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

Şərab İstehsalçıları və İxracatçıları, Tikinti Materialları İstehsalçıları və Arıçılar assosiasiyalarının rəhbərləri isə çıxışlarında ölkədə istehsal olunan məhsulların bazara çıxarılmasında, tanıdılmasında və ixracında keyfiyyət ilə yanaşı, müasir qablaşdırmanın önəmini vurğulayıblar.

Sonda müasir qablaşdırmanın təşkili və bu sahədə tələbatın ödənilməsinə dair sahibkarlarla müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi