Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Bakıda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"QSC-nin birillik fəaliyyətinin hesabatı təqdim edilir. "Report" xəbər verir ki, "Bakı limanının dünəni, bu günü və sabahı: Hesabat" adlı tədbirdə bildirilib ki, 2015-ci ildə ümumi liman üzrə konteyner sayı TEU (ölçü vahidi) ekvivalentində 13 307 ədəd olub, bu isə 2013-cü illə müqayisədə 118% artım deməkdir. 2015-ci ildə Bakı limanının xidmətlərindən istifadə edənlərin sayı ötən illərə nisbətən 10% artaraq 10 707 nəfər təşkil edib.
"2015-ci ildə əsas yük terminalında tranzit yüklərin həcmi artaraq ümumi yük dövriyyəsinin 46%-ni təşkil edib. Hazırda Bakı Limanında aşırılan yüklərin 85%-i tranzit yüklərdir. 2015-ci ildə ümumi liman üzrə 3 mln. tondan çox yük aşırılıbsa, 2016-cı ildə bu rəqəmin 6 mln. çox olacağı gözlənilir. 2015-ci ildə Azərbaycan büdcəsinə 4 146 599 AZN vergi ödəyib", - deyə hesabatda bildirilib.