AZPROMO WAIPA-nın Mərkəzi Asiya üzrə bölgə direktoru seçilib

AZPROMO WAIPA-nın Mərkəzi Asiya üzrə bölgə direktoru seçilib İxracın və İnvestisiyalarının Təşviqi Agentliyi (AZPROMO) Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclasında iştirak edib, qurumun İdarəetmə Komitəsinin seçkilərində
Biznes
15 Dekabr , 2023 12:46
AZPROMO WAIPA-nın Mərkəzi Asiya üzrə bölgə direktoru seçilib

İxracın və İnvestisiyalarının Təşviqi Agentliyi (AZPROMO) Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclasında iştirak edib, qurumun İdarəetmə Komitəsinin seçkilərində təmsil olunub, növbəti dəfə Assosiasiyanın Mərkəzi Asiya üzrə bölgə direktoru seçilib.

"Report" xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov bildirib.

Onun sözlərinə görə, iclas 27-ci Ümumdünya İnvestisiya Konfransı (WIC) çərçivəsində baş tutub. İclasda 2023-2025-ci illər üzrə İdarəetmə Komitəsinin rəhbər vəzifələri, assosiasiyanın gələcək statusu, prioritetləri və fəaliyyəti ilə bağlı səsvermə keçirilib. Seçkilərdə iştirak edən AZPROMO artıq üçüncü dəfə ardıcıl olaraq WAIPA-nın Mərkəzi Asiyada bölgə direktoru statusu üzrə qalibi olub. Digər nəticələr əsasında "Invest India" WAIPA-nın prezidenti, "Switzerland Global Enterprise" və Küveytin Birbaşa İnvestisiyaların Təşviqi Təşkilatı isə Assosiasiyanın vitse-prezidentləri seçiliblər.

AZPROMO-nun İdarəetmə Komitəsinə yenidən daxil olması Agentliyə WAIPA-nın strateji qərarlarının qəbulunda iştirak etməyə, o cümlədən investisiyaların cəlb edilməsi sahəsində ən qabaqcıl beynəlxalq təcrübələrin əldə edilməsi və mübadiləsi, eləcə də bu istiqamətdə birgə seminarların və təlimlərin keçirilməsi üzrə planları müəyyən etməyə imkan verəcək.

AZPROMO-nun 2010-cu ildən üzv olduğu WAIPA-nın 100-dən çox ölkədən olan 140-dan çox üzv agentlikləri var. Assosiasiyanın başlıca məqsədləri investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir.

Son xəbərlər

Orphus sistemi