“Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq”.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda “Caspian European Club”un təşkilatçılığı ilə keçirilən biznes-konfransda deyib.
Onun sözlərinə görə, bu təşəbbüs ölkələr arasında sahibkarlar üçün daimi dialoq platformasının olmamasından yaranıb. “Şuranın fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında davamlı dialoq, müxtəlif ticarət maneələrinin aradan qaldırılması üzrə dövlət qurumlarının tövsiyələr hazırlaması və Qazaxıstan və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün platforma rolunu oynayacaq”, - səfir bildirib.
O vurğulayıb ki, Qazaxıstanın kənd təsərrüfatı, qida və yüngül sənayesinin yüksək keyfiyyətli hazır məhsulları Azərbaycan bazarında öz yerini tuta bilər və tutmalıdır: "Bu məqsədlə biz Qazaxıstanın geniş profilli ixrac məhsullarını və yerli istehlak mallarını nümayiş etdirmək üçün özəl sərmayə hesabına Azərbaycanda Qazaxıstan Ticarət Evinin açılması təşəbbüsü ilə çıxış etmişik”.
S.Abdıkarimov həmçinin bu tədbirlərin həyata keçirilməsinin ticarət dövriyyəsini və qarşılıqlı investisiya səviyyəsini artırmağa imkan verəcəyinə və işgüzar əlaqələrin möhkəmlənməsinə yardım edəcəyinə əminliyini ifadə edib, azərbaycanlı sahibkarları Qazaxıstanda aktiv investisiya və biznes fəaliyyətinə dəvət edib.
“Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi artır. 2019-cu ildə bu rəqəm 230 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, bütün sahələrdə əməkdaşlıq genişlənir. İkitərəfli münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, ikitərəfli ticarət və sərmayənin həcmi və strukturunun təhlili göstərir ki, ölkələrimizin böyük iqtisadi potensialı tam reallaşdırılmır. Bununla əlaqədar ticari-iqtisadi əməkdaşlığı intensivləşdirmək məqsədilə əlavə tədbirlər görülməsini qeyd etmişik”, - o diqqətə çatdırıb.
Qazaxıstanın ölkəmizdəki diplomatik nümayəndəliyinin rəhbəri onu da bildirib ki, Qazaxıstanın Azərbaycandakı səfirliyində iki ölkənin işgüzar mühiti üzrə geniş məlumat bazası, biznesin aparılması və ikitərəfli əlaqələrin yaradılması şərtləri barədə məlumat əldə etmək üçün qazaxıstanlı və azərbaycanlı sahibkarlar üçün investisiya layihələri olan informativ-konsultativ platforma - “İşgüzar Əməkdaşlıq Mərkəzi” yaradılıb.