Hər il yaz gələndə, havalar istiləşəndə tikinti materialları bazarında aktivlik artır.
Bu da təbiidir, çünki xeyli sayda vətəndaş ya özünə ev tikir, ya da evini təmir etdirir.
Bütün bunlar isə bazara təsirsiz ötüşmür, qiymətlərə mütləq təsir edir. "Report" əmlak bazarı üzrə ekspertlərlə tikinti materialları bazarındakı vəziyyəti müzakirə edib.
Onlardan biri Ramil Qasımzadə deyir ki, tikinti materialları arasında qiyməti nəzərəçarpacaq dərəcədə artan taxtadır: "Taxtanın 1 kubmetrinin qiyməti 350 manata qalxıb. Halbuki, yanvar ayında taxta bazarında ucuzlaşma müşahidə olunurdu. Qiymət 320 manata düşmüşdü, martın sonlarından yenidən 350 manat olub”.
Onun sözlərinə görə, armaturun da qiymətində 5 % artım var: “Bu da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra, armatur istehsalçısı olan müəssisələrə nəzarətin gücləndirilməsi ilə əlaqədardır. Əvvəllər şirkətlər keyfiyyəti aşağı olan dəmir məmulatlarından istifadə edirdi, indi isə bunu edə bilmir. Son nəticədə isə qiymət bir qədər artıb. Digər dəmir məmulatlarının qiymətlərində dəyişiklik yoxdur. Sement və alçipanın da qiymətləri sabit qalıb. Bu aydan yəqin ki, tikinti işləri genişlənəcək və qiymətlər artacaq".
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov isə deyir ki, tikinti materialları bazarında hələ ki, qiymət artımı müşahidə edilmir və bu, tələbatın azalması ilə bağlıdır: "Türkiyədəki zəlzələdən sonra Azərbaycanda yeni tikililərə maraq azalıb, paralel olaraq tikinti şirkətlərinin mənzil satışı və onların material bazarına tələbatı da azalıb. Odur ki, kütləvi şəkildə satılan tikinti materiallarının qiyməti artmayıb. Kütləvi satış edən müəssisələr hətta xüsusi endirimlər edirlər ki, mallar alınsın. Xüsusilə taxta, dikt satışlarında kütləvi alış azalıb. Bunun nəticəsində taxtanı əvvəlki vaxtlarla müqayisədə 10% ucuz da almaq olar. Çınqıl, kərpic, daş kimi materialların da qiymətləri 3-5% azalıb".