Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin altı ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 738 mln. ABŞ dolları olub və ixrac əməliyyatlarında 1 157 subyekt iştirak edib. 2016-cı ilin ilk yarım ilinə nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27% artıb.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.
Qeyd olunur ki, bu ilin altı ayı ərzində Rusiyaya 274 mln. ABŞ dolları, Türkiyəyə 144 mln. ABŞ dolları, Gürcüstana 68 mln. ABŞ dolları, İsveçrəyə 67 mln. ABŞ dolları və Türkmənistana 33 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. İyun ayında isə qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 mln. ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və s.-dir. 2017-ci il üzrə 6 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda ilk yeri tomat (pomidor) (121 mln. ABŞ dolları), ikinci yeri qızıl (50,9 mln. ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (48,4 mln. ABŞ dolları) tutur.
“İxrac İcmalı”nda bildirilir ki, 2017-ci ilin 6 ayı ərzində Azexport.az portalına dünyanın 50 ölkəsindən 192,7 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. 2017-ci ilin 6 ayı ərzində Azexport.az portalına ən çox sifariş Rusiya Federasiyasından daxil olub. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19%), Ukrayna (9%), Türkiyə (7%), Səudiyyə Ərəbistanı (6%) və ABŞ-ın (5%) adı var. 2017-ci ilin iyun ayında ilk dəfə portala İsveç, Maldiv adaları, Kolimbiya, Əfqanıstan, Seneqal kimi ölkələrdən də sifarişlər daxil olub. İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib.