Azərbaycanın bir neçə rayonunda “KOB Dostu” istifadəyə verilib

Azərbaycanın bir neçə rayonunda “KOB Dostu” istifadəyə verilib Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Xaçmazda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidməti sahibkarların istifadəsinə verilib.
Biznes
2688
3 Dekabr , 2018 15:59
Azərbaycanın bir neçə rayonunda “KOB Dostu” istifadəyə verilib
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Xaçmazda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidməti sahibkarların istifadəsinə verilib. 

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Xatırladaq ki, ilk “KOB Dostu” bu ilin sentyabrında ölkə prezidentinin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı çərçivəsində Masallıda fəaliyyətə başlayıb. 

Növbəti “KOB Dostu” İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Siyəzən Gənclər Evində açılıb. “KOB Dostu” kiçik və orta biznesin dostu konsepsiyasına uyğun olaraq, Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara çoxsaylı xidmətlər təklif edəcək, biznesin qurulmasına və genişləndirilməsinə müxtəlif mexanizmlər vasitəsilə dəstək olacaq. 

Bununla bağlı keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu vurğulayıb, rəhbərlik etdiyi qurumun yaradılmasının da bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb. 

O, qeyd edib ki, “KOB Dostu” sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. Artıq ilk “KOB Dostu” Masallıda fəaliyyət göstərməklə sahibkarlarla sıx və səmərəli əməkdaşlıq edir. Masallı, Xaçmaz və Siyəzən rayonları ilə yanaşı, ölkənin digər iri şəhər və rayonlarında da “KOB Dostu” və Agentliyin digər dəstək mexanizmlərinin tətbiqi istiqamətində işlər aparılır.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov çıxışında “KOB Dostu”nun regionda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini vurğulayıb.
Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda “KOB Dostu”nun fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.
Tədbir iştirakçıları “KOB Dostu” ofisi ilə tanış olublar. Burada “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici vasitələrlə təmin olunub.

Sahibkarlar “KOB Dostu”nun Xaçmazda fəaliyyətə başlamasından məmnunluqlarını bildirib, “KOB Dostu”nun göstərəcəyi çoxsaylı xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını vurğulayıblar.

Həmin gün həmçinin Siyəzən Gənclər Evində Siyəzən və Şabran rayonları üzrə “KOB Dostu” da fəaliyyətə başlayıb.

Bununla əlaqədar keçirilmiş tədbirdə O.Məmmədov “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər barədə geniş məlumat verib. Bildirilib ki, “KOB Dostu”nun fəaliyyəti sahibkarlarla daha sıx əlaqələrin qurulmasına, yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönəldiləcək, “KOB Dostu” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək.

Ümumilikdə 10 iqtisadi rayon üzrə 60 “KOB Dostu”nun yaradılacağını qeyd edən Orxan Məmmədov sahibkarları KOBİA ilə fəal əməkdaşlığa dəvət edib.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev və Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva ”KOB Dostu”nun fəaliyyətinin regionda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında önəmli olacağını qeyd edib.

“KOB Dostu”nun fəaliyyəti ilə tanış olan sahibkarlar kiçik və orta biznesin inkişafı üçün yaradılmış əlverişli şəraitdən məmnunluqlarını ifadə edib, özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi