Azərbaycandan Rusiyaya ixrac missiyası təşkil olunur

Azərbaycandan Rusiyaya ixrac missiyası təşkil olunur İqtisadiyyat Nazirliyi missiyada iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib
Biznes
16 Oktyabr , 2017 10:36
Azərbaycandan Rusiyaya ixrac missiyası təşkil olunur

Bakı. 16 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Rusiyaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

“Report” nazirliyin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir ki, missiya noyabrın 14-dən 17-nə qədər davam edəcək.

Missiyada meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, təbii meyvə şirələri, qənnadı məhsulları, qurudulmuş meyvə, süd və süd məhsulları, ət və ət məhsulları istehsal edən sahibkarlar iştirak edə bilərlər. İş adamları müsabiqə əsasında seçiləcək. Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə qaydası" əsasında noyabrın 3-də AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları aşağıdakı kimidir:

- İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

- Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

- Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizə;

- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və yaxud məlumatlar;

Sənədlər oktyabrın 18-nə qədər Bakı Biznes Mərkəzinə (Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanına) təqdim olunmalıdır. Əlaqələndirici şəxs AZPROMO-nun İxracın təşviqi Departamentinin direktoru Fuad Cəfərovdur (Tel.: (012) 598 01 47/48 (daxili 141), e-poçt: [email protected], [email protected]).

Son xəbərlər

Orphus sistemi