​Azərbaycandan Rusiyaya ixrac 41% azalıb

​Azərbaycandan Rusiyaya ixrac 41% azalıb Azərbaycanın MDB ölkələri ilə ticarət əməliyyatlarında mənfi saldo 31% artıb
Biznes
25 Noyabr , 2015 12:14
​Azərbaycandan Rusiyaya ixrac 41% azalıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 13,6% və ya 321,5 mlln. ABŞ dolları azalaraq cari ilin yanvar-oktyabr ayları ərzində 2 047,2 mln. dollar təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ixrac 43% azalaraq 407,2 mln. dollar, idxal isə 0,9% azalaraq 1 640 mln. dollar olub. Birlik ölkələri ilə əməliyyatlarda mənfi saldo 31% artaraq 1 232,9 mln. dollara çatıb. Beləliklə, bu müddətdə ümumi ixracın 4,17%-i, idxalın isə 22,04%-i MDB ölkələri ilə ticarət əməliyyatlarının payına düşüb.

Bu müddətdə Rusiyaya ixrac illik 40,7% azalaraq 322,3 mln. dollar, idxal isə əksinə 16,9% artraq 1 212,7 mln. dollar olub. Burada isə mənfi saldo 80,2% artaraq 890,5 mln. dollara çatıb. Rusiyaya ixrac Azərbaycandan cəmi ixracın 3,3%-ni, idxalın isə 16,3%-ni təşkil edib. 

Qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi illik müqayisədə 35,21% azalaraq bu ilin yanvar-oktyabr ayları ərzində 17 205,9 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 1,08% artaraq 7 440,9 mln. dollar, ixrac əməliyyatlarının həcmi isə 49,13% azalaraq 9 765 mln. dollar olub.

Beləliklə, xarici ticarət əməliyyatlarında 2 324 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox azdır.

Son xəbərlər

Orphus sistemi