Azərbaycandakı iqtisadi mühit xarici investisiya cəlbediciliyini artırır

Azərbaycandakı iqtisadi mühit xarici investisiya cəlbediciliyini artırır Qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrlərin təhlili bir daha göstərir ki, Azərbaycan investisiya yatırılması baxımından dünyanın cəlbedici ölkələrindən biridir. Azərbaycandakıi makroiqtisadi, makrofiskal və ilk növbədə siyasi sabitli
Biznes
28 İyul , 2022 18:13
Azərbaycandakı iqtisadi mühit xarici investisiya cəlbediciliyini artırır

Qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrlərin təhlili bir daha göstərir ki, Azərbaycan investisiya yatırılması baxımından dünyanın cəlbedici ölkələrindən biridir. Azərbaycandakıi makroiqtisadi, makrofiskal və ilk növbədə siyasi sabitlik, infrastruktur təminatı və təchizatı xarici investorların ölkəyə marağını artırır. Təsadüfi deyil ki, bu ilin ilk altı ayında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 1 milyard 606,3 milyon manat vəsait yönəldilib. Bu isə ümumi investisiyaların 48,3 %-ni təşkil edir.. Ötən il ərzində Azərbaycan iqtisadiyyatına xaricdən 4,795 milyard ABŞ dolları dəyərində birbaşa investisiya cəlb edilib.

Günümüzdə qlobal investisiya çağırışları “yaşıl enerji” sahəsinə yönəldilib. Azərbaycan "Yaşıl Enerji" sahəsində institusional addım atan ilk ölkələrdən biridir. Azərbaycanda bu sahədə əsaslandırılmış praktikanın olması xarici investorların Azərbaycanla əməkdaşlıq maraqlarını daha da artırır. Artıq ərəb ölkələrindən olan şirkətlər tərəfindən Azərbaycanda “Yaşıl enerji” sahəsinə yatırımlarla bağlı addımlar atılıb. Bu ilin əvvəlində 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. “ACWA Power” Azərbaycana təxminən 300 milyon ABŞ dolları sərmayə qoyub ki, bu, şirkətin Səudiyyə Ərəbistanından kənarda ən böyük sərmayəsidir. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Böyük Britaniyanın BP şirkəti və BƏƏ-nin “Masdar” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq istiqamətində memorandum imzalanıb. “Masdar” şirkəti Azərbaycanda 250 milyon ABŞ dolları dəyərində 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini həyata keçirir. Cəbrayıl rayonu ərazisində 240 MVT gücündə yeni külək enerjisi parkının yaradılması üçün BP ilə ilkin razılıq əldə edilib. “Masdar” şirkəti həmçinin Azərbaycanda hidrogendən istifadə imkanlarını da araşdırmaq istəyir. Şirkətin açıqlamalarında Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərinə çatmasında və qlobal iqlim dəyişikliyi çərçivəsində karbon dioksidini kompensasiya etməsində hökumətə dəstək verməyə hazır olduqları bildirilib.

Azərbaycanla BƏƏ arasında ticarət, qarşılıqlı investisiya qoyuluşu, KOB-ların dəstəklənməsi, logistika, turizm və digər sahələrdə də əməkdaşlıq genişlənir. İqtisadi-ticarət tərəfdaşlığının inkişafında Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəliyi və Dubayda Azərbaycan Ticarət Evi kimi platformaların əhəmiyyətli rolu var.

Ərəb sərmayəçiləri ilə yanaşı Azərbaycan iqtisadiyyatına digər ölkələr də maraq göstərir. Belə ki, b u il “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti arasında Gəncədə birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb. Yeni alüminium zavodu layihəsi Avropa və ABŞ bazarlarına rəqabətədavamlı alüminium məhsullarının ixracına şərait yaradacaq. Həyata keçiriləcək layihə çərçivəsində illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı nəzərdə tutulur. Bu layihənin xammal bazasının 55 min tonu Gəncədə hazırda istehsal olunan ilkin alüminiumdan və yeni qurulacaq təkrar emal istehsal xəttindən əldə ediləcək. Qalan 50 min ton alüminium isə qurulması planlaşdırılan ilkin alüminium istehsalı hesabına təmin ediləcək. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, birinci mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 1-ci mərhələdə daha az elektrik tələb edən təkrar emal sahəsi və müvafiq avadanlıqların qurulması, 2-ci mərhələdə isə elektroliz zavodunun tikintisi və istiyayma prosesinin təşkili nəzərdə tutulur.

Həmçinin bu il Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azərbaycan Vanhong Ceramics Co.” MMC qeydiyyata alınıb. 100 % Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində investisiya dəyəri 40 milyon ABŞ dolları, illik istehsal gücü 15 milyon m2 olan keramik plitələr istehsal edəcək. Zavodda 400 nəfərin daimi işlə təmin olunacaq. Məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur.

Bütün bunlar Azərbaycanda xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin olmasının göstəricisidir. Ölkədəki sənaye parklarında rezidentlərə güzəştlər tətbiq edilir, investisiya təşviqi sənədləri verilir. Bu vaxta qədər sahibkarlara 549 investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi mexanizmi çərçivəsində idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə əldə olunan güzəştin ümumi dəyəri 355 milyon manat təşkil edir. Ümumilikdə sənayeləşmə istiqamətində atılan addımlar xarici kapitalın ölkəyə axması və iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi baxımından mühüm şərait yaradır.

"Report"un Analitik Qrupu

Son xəbərlər

Orphus sistemi