Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb "Siracoğlu Fermer Təsərrüfatı” şirkətinin rəhbəri Qədir Yusifov assosiasiyanın İdarə Heyətinin sədri seçilib
Biznes
16 Avqust , 2017 17:19
Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub. 

Nazirlikdən "Report"a verilən məlumata görə, bununla bağlı bu gün Göyçay rayonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-yə yaxın sahibkarın iştirakı ilə tədbir keçirilib. 

Tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev qeyd edib ki, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, bu sahədə ixracın genişləndirilməsi prioritet istiqamətlərdəndir. Vurğulanıb ki, hazırda Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təbliği məqsədilə ixrac missiyaları təşkil edilir, beynəlxalq sərgilərdə yerli məhsullar vahid ölkə stendində nümayiş olunur, xarici ölkələrə ticarət nümayəndələri təyin edilir və ticarət evləri yaradılır, sahibkarlara ixrac təşviqi ödənilir, ixracatçılara məsləhət xidməti göstərilir, ixtisaslaşmış assosiasiyaların yaradılması dəstəklənir.

Azərbaycan əsas xurma istehsalçısı və ixracatçılarındandır və ölkə bu sahədə geniş potensialı var. Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti də sahibkarlığın inkişafı, eləcə də bu sahədə istehsalın və ixracın artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Bildirilib ki, İqtisadiyyat Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, sahibkarların ixtisaslaşmış assosiasiyalarda birləşməsinə daim dəstək göstərir və indiyədək Nazirliyin dəstəyi ilə Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz, Tekstil İxracatçıları və İstehsalçıları Assosiasiyaları yaradılıb. Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinin təşkilinə də lazımi dəstək göstəriləcək.

Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov sahibkarlığın inkişafı ilə bağlı rayonda görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, belə assosiasiyaların yaradılmasının əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, “Siracoğlu Fermer Təsərrüfatı” şirkətinin rəhbəri Qədir Yusifov assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

Q. Yusifov assosiasiyanın fəaliyyətinin xurma istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında assosiativ əlaqələrin qurulması, bu sahədə ixracın genişləndirilməsi baxımından səmərəli olacağını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi