Bakı. 3 may. REPORT.AZ/ Prezident İlham Əliyevin mayın 3-də təsdiqlədiyi “2018–2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, Azərbaycanda şərab turizminin inkişaf etdirilməsi gözlənilir.
"Report" xəbər verir ki, bu məqsədlə Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi və yerli icra orqanları institutsional tədbirlər həyata keçirəcəklər.
Bundan başqa, şərabçılıqla məşğul olan regionların mikrozonalara ayrılması və tanıdılması da qarşıya qoyulmuş məqsədlər sırasındadır. Bununla bağlı işləri isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və yenə də yerli icra hakimiyyəti orqanları həyata keçirəcək. Eyni zamanda şərabçılıq sahəsinə ayrılan güzəştli kreditlərin məbləğinin artırılması da gözlənilir.