​Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4,2 faiz artıb

​Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4,2 faiz artıb İstehlak məhsullarının dəyərinin 99,9%-i qeyri-dövlət təsərrüfat subyektləri tərəfindən satılıb
Biznes
18 Mart , 2016 10:23
​Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4,2 faiz artıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2% artaraq 4,3 mlrd. manat olub. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, istehlak məhsullarının dəyərinin 99,9%-i qeyri-dövlət təsərrüfat subyektləri tərəfindən, o cümlədən 11,5%-i hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb. Qeyri-dövlət sektoru üzrə pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin yanvar-fevral aylarının səviyyəsini real ifadədə 4,2% üstələyərək 4252,5 mln. manat təşkil edib.

Bu ilin ilk iki ayında pərakəndə şəbəkədə satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2015-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 5,5% üstələyərək 2150,0 mln. manata çatıb. Ticarət dövriyyəsi 2108,2 mln. manat təşkil edən qeyri-ərzaq məhsulları üzrə satışın dəyəri isə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3% çox olub.

Hesabat dövründə hər bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 109,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Eyni zamanda bu ilin yanvar-fevral aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Son xəbərlər

Orphus sistemi