Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51,3 milyard manatlıq, o cümlədən 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 %, qeyri-ərzaq malları üzrə 5,1 % artıb.
Bu ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 14,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3 %, fərdi sahibkarlar üzrə 3,7 %, bazar və yarmarkalarda 4,1 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.