"Azərbaycanda özəl sektorun diaqnostikasının hazırlanması" mövzusunda onlayn görüş keçirilib.
“Report” bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Məlumata görə, görüşdə Komitə sədrinin müavini Cavad Qasımov, Dünya Bankı və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının hava daşımaları, logistika, gömrük məsələləri üzrə ekspertləri, eləcə də Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edib.
Tədbirin məqsədi ticarətin asanlaşdırılması və sərhəd idarəçiliyi prosesində gömrük orqanlarının həyata keçirdiyi islahatlar, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə və onun özəl sektora təsirlərinin minimallaşdırılması, o cümlədən biznesin inkişafı məsələlərinin müzakirəsindən ibarət olub.
Görüşdə C.Qasımov bildirib ki, DGK ilə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası arasında sıx əməkdaşlıq münasibətləri var. Bu münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Onun sözlərinə görə, gələcəkdə gömrük rəsmiləşdirilməsi və səlahiyyətli iqtisadi operator sahəsində, ümumilikdə ticarətin inkişafına təsir edəcək birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
C.Qasımov koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması və fəsadların aradan qaldırılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində gömrük xidmətinin gördüyü işlər barədə də məlumat verib. O, bildirilib ki, pandemiya ilə bağlı sualların cavablandırılması üçün DGK-nın Çağrı Mərkəzində "Qaynar xətt"in fasiləsiz iş rejimində fəaliyyəti təşkil edilib. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün nəzərdə tutulan malların gömrük-sərhəd buraxılış məntəqələrindən prioritet qaydada keçidi təmin olunur və ölkə ərazisindən həyata keçirilən beynəlxalq yük daşımalarına, o cümlədən idxal və tranzit əməliyyatlarına hər hansı məhdudiyyət qoyulmur.
Komitənin layihələrindən də söhbət açan C.Qasımov informasiya texnologiyalarının tətbiqi, logistikanın inkişafı, "Yaşıl dəhliz" buraxılış sistemi, elektron xidmətlər və digər yeniliklərlə bağlı məlumat verib. Hazırda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin tam avtomatlaşdırıldığı, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi əhəmiyyəti olan xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğu diqqətə çatdırılıb.
Görüşdə Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi və Ticarətin Asanlaşdırılması Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri iclasın məhsuldar keçməsinə şərait yaratdığı üçün DGK-ya təşəkkürlərini bildirib, logistika və müasir metodların tətbiqi sahəsində ciddi irəliləyişlər əldə edəcəklərinə ümidvar olduqlarını qeyd ediblər.
Bildirilib ki, 2020-ci ilin yanvarından iqtisadiyyatda, xüsusilə özəl sektorda mövcud olan məhdudiyyətləri və artım imkanlarını qiymətləndirmək, həmçinin bu sahəyə investisiya axınını sürətləndirmək məqsədilə konkret tövsiyələr və fəaliyyətlərə dair təhlil aparılır. Bu istiqamətdə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının böyük bir heyəti Azərbaycan hökuməti, özəl sektor nümayəndələri və digər maraqlı tərəflərlə görüşlər keçirib, prosesin ilkin mərhələsində toplanmış məlumatlar ən cəlbedici sektorları seçməyə, onların ilkin qiymətləndirilməsini həyata keçirməyə imkan yaradıb.
Daha sonra DGK-nın rəsmiləri ekspertlərin suallarını cavablandırıb.