Bakı. 3 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində Azərbaycanda 3 064 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Pozuntular əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı aşkar edilib.
Hesabat ayında 725 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 652 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olduğu müəyyən edilib. Həmçinin 35 vergi ödəyicisi tərəfindən 45 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 251 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşdığı, 32 vergi ödəyicisində 322 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mal olduğu aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.