Azərbaycanın kənd təsərrüfatında mövsümi işlər üçün əmək münasibətləri rəsmiləşdirilə bilər.
"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu məsələ qurumun Vergi siyasəti Baş İdarəsinin meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan assosiasiyaların üzvlərinin, həmçinin nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirdiyi görüşdə müzakirə olunub.
Görüşdə vergi qanunvericiliyinin tətbiqi, işçilərin mövsümi işlərin yerinə yetirilməsinə cəlb edilməsi zamanı əmək münasibətlərinin rəsmiləşdirilməsi, ixrac prosesi, yerli fermerlərdən alınan məhsullara görə sənədləşmənin aparılması, bir sıra digər məsələlərlə bağlı mövcud vəziyyət ətrafında müzakirələr aparılıb. Sahibkarların dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.