Bu il dekabrın 1-nə Azərbaycanda dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 175 064 təşkil edib ki, bu da ötən il dekabrın 1-nə nisbətən 9,7 % çoxdur.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, aktiv kommersiya qurumlarının sayında isə 13 % artım qeydə alınıb.
Bu il dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,6 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34 554 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 % artım deməkdir.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,8 %-i yerli investisiyalı, 12,2 %-i xarici investisiyalıdır, onların 84,7 %-i elektron qaydada qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı 15 % artıb.