Milli Renovasiya Proqramı (MRP) üzrə Yol Xəritəsinin hazırlanması bu ilin iyul ayınadək başa çatacaq.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.
O bildirib ki, Enerji Effektivliyi Fondunun fəaliyyətinə dəstək və MRP üzrə Yol Xəritəsinin hazırlanması üçün bir sıra işlər görülüb: "Belə ki, işğaldan azad olunmuş ərazilər istisna olmaqla, ictimai binalarla bağlı məlumatlar toplanıb. Bu binaların tipologiyası və yerləşdikləri iqlim zonalarına görə bölgüsü aparılıb. Bakı, Gəncə, Şəki və Qax şəhərləri üzrə 10 ictimai binada enerji auditi aparılıb".