“Avropa Hüquq Xidməti” MMC, “1+1=3” şirkəti ilə birlikdə tələbələrin və gənclərin hüquqi savadlılıq sahəsində sosial və siyasi fəaliyyətinə təsir edən problemləri aşkar etmək üçün Azərbaycanda ilk dəfə Azərbaycan Diplomatik Akademiyasında “Hüquqi İmla” layihəsi çərçivəsində tədbir keçirib.
“Report” xəbər verir ki, tədbirdə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Azərbaycanın məşhur səyahətçisi Azər Qəribov iştirak ediblər.
Tədbirdə gənclərin hüquq sahəsində daha kəskin və aktual problemlərin aşkarlanmasına, həmçinin yaranmış vəziyyətin yaxşılaşmasına yönəldilmiş qərarların qəbul edilməsinə imkan verilib. Birgə rəylər nəticəsində gənclərin hüquqi biliklərinin inkişafı üçün mühüm töhfə verilib. Bu tədbirdə hər tələbə üçün öz hüquqi səviyyəsini müəyyən etmək imkanı yaradılıb.
Bundan əlavə, bu tədbir hüquqi savadlılıq səviyyəsinin yüksəldilməsi və vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə sistemli fəaliyyətlərin həyata keçirilməsi üçün başlanğıc nöqtəsidir.
Qeyd edək ki, “Hüquqi İmla” layihəsi 2016-cı ildən “Avropa Hüquq Xidməti”nin Rusiyadakı Baş İdarəsi tərəfindən keçirilir və indiyədək həmin layihənin 200 000-dən artıq iştirakçısı olub.


