Azərbaycanda əmlak inzibatçıları və kreditorların hüquqları artırılır

Azərbaycanda əmlak inzibatçıları və kreditorların hüquqları artırılır "Müflisləşmə və iflas haqqında" qanuna təklif olunan dəyişikliklərin detalları məlum olub
Biznes
30 Mart , 2017 17:22
Azərbaycanda əmlak inzibatçıları və kreditorların hüquqları artırılır
Report

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanda əmlak inzibatçılarına yeni hüquqların verilməsi təklif olunur. “Report”un məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklərlə bağlı hazırlanan qanun layihəsində əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, əmlak inzibatçıları borclunun adından müqavilələr, razılaşmalar və güzəştli sazişlərlə yanaşı borc (kredit) müqavilələri də bağlaya biləcəklər. Bundan başqa, layihədə inzibatçılara borclunun aktivlərinin inventarlaşmasını aparmaq, onların satış planını hazırlamaq, planın təsdiqi üçün kreditorların yığıncağını çağırmaq səlahiyyətlərinin verilməsi əksini tapıb.

Bundan başqa, sənəddə təklif olunur ki, aktivlərin satışı açıq hərrac yolu ilə həyata keçirilsin. Əgər aktivlərin dərhal satılmaması onların bazar dəyərini azalda bilərsə və yaxud kreditorlar üçün sərfəlidirsə, onlar hərracdan kənar yolla da satıla bilər. Amma buna kreditorların yığıncağında qərar verilməlidir.

Həmçinin layihədə qeyd olunur ki, kreditorların əmlak inzibatçısının borclu barədə onlara təqdim etdiyi hesabat və onun hesabatda göstərilməyən əmlakı, habelə inzibatçının fəaliyyəti ilə ona sorğu göndərmək hüququ var.

Qüvvədə olan qanunda göstərilir ki, təklif edilən sazişin əleyhinə səs vermiş və yaxud səsvermədə iştirak etməmiş kreditorların hüquqları sazişin lehinə səs vermiş kreditorların hüquqları ilə bərabər təmin edilir. Amma layihədə təklif olunur ki, bu hüquq bərabərliyi borclunun iflas prosesinin başa çatacağı halda əldə edəcəklərindən az olmamaqla təmin edilsin.

Bundan başqa, sağlamlaşdırma prosesinin şərtlərinə də dəyişiklik edilməsi gözlənilir. Belə ki, sağlamlaşdırma barədə məhkəməyə ərizə vermək səlahiyyətinin borclu ilə yanaşı kreditorlara da verilməsi təklif olunur. Bundan başqa, dəyişikliyə əsasən, kreditor reyestrdə təsbit edilmiş öz tələblərinin həcmini, habelə digər kreditorların tələblərinin həcmini və hüquqi əsasını məhkəmə qaydasında mübahisələndirə bilər.

Təklif olunan daha bir dəyişikliyə görə isə, borclu ödəmə qabiliyyətsizliyinə səbəb olan aşağı qiymətləndirilmiş əqdlər bağladıqda onun əmlak hüquqları məhdudlaşdırıla bilər.

Son xəbərlər

Orphus sistemi