Azərbaycanda Dubaydan bəzi malların gətirilməsinə qadağa qoyulub - ƏLAVƏ OLUNUB

Azərbaycanda Dubaydan bəzi malların gətirilməsinə qadağa qoyulub - ƏLAVƏ OLUNUB Karqo şirkətləri bunu Dövlət Gömrük Komitəsinin qadağası ilə əlaqələndirir
Biznes
28 Oktyabr , 2016 18:35
Azərbaycanda Dubaydan bəzi malların gətirilməsinə qadağa qoyulub - ƏLAVƏ OLUNUB

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Dubaydan (BƏƏ) bəzi məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub. Bu barədə “Report”a "Camex" yerli karqo şirkətindən müştərilərinə ünvanladığı SMS müraciətində bildirilir.

Məlumata görə, DGK-nın qadağa qoyduğu məhsullar arasında ətirlər, “Power bank” (mobil cihazlar üçün rezerv enerji qurğuları), “Segway” (təkərli elektron hərəkət vasitəsi) və bir sıra başqa batareya tərkibli əşyalar var. 

“Bu vaxta qədər gətirirdik. Amma bir neçə dəfə gömrükdə mallarımızı saxladılar, ona görə də daha həmin məhsulları gətirmirik”, - deyə karqo şirkətinin əməkdaşları müştərilərə izah verirlər. 

Şirkət təmsilçisi "Report"a qeyd edib ki, DGK bu qadağanı həmin məhsulların təhlükəli olması ilə əlaqələndirir.

Məsələ ilə bağlı DGK-dan "Report"a bildirilib ki, Azərbaycana bütün malların gətirilməsi mövcud qanunvericiliklə tənzimlənir: "Əgər gətirilən mallar qanunvericiliyin tələblərinə uyğundursa, heç bir problem yoxdur". 

***

"Camex" yerli karqo şirkətindən "Report"a həmçinin bildirilib ki, bunun Azərbaycan Dövlət Gömrük Komitəsi ilə əlaqəsi yoxdur. Şirkət vurğulayıb ki, qadağanı Dubay Hava Limanı qoyub: "Qadağanın qoyulmasına səbəb həmin yüklərin təhlükəli olmasıdır. Bu qadağalar beynəlxalq qaydalara uyğundur" - deyə, şirkətdən məlumat verilib.

Son xəbərlər

Orphus sistemi