Azərbaycan və Vyetnam hansı məhsullarını ticarət edə bilər?

Azərbaycan və Vyetnam hansı məhsullarını ticarət edə bilər? Azərbaycan Səfirliyi Vyetnam şirkətlərinə Azərbaycanda tərəfdaş tapmaqda kömək etməyə hazırdır
Biznes
21 Aprel , 2022 12:39
Azərbaycan və Vyetnam hansı məhsullarını ticarət edə bilər?

Vyetnamlı düyü, qəhvə və çay istehsalçıları öz məhsullarını Azərbaycanda sata biləcəklər.

“Report”un məlumatına görə, bunu Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov “Vietnam Economic Times” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan Vyetnam tropik meyvələri istehsalçıları üçün yaxşı bazar olacaq.

Səfir bildirib ki, indi Azərbaycanda qəhvəyə üstünlük verən, lakin Vyetnam qəhvəsinin nə qədər dadlı olduğunu hələ də bilməyənlər daha çoxdur: “Azərbaycanda ekoloji cəhətdən təmiz meyvə-tərəvəz istehsal olunur ki, bu da qonşu ölkələrdə tanınır, lakin vyetnamlıların bundan xəbəri azdır. Vyetnam idxal etdiyi pambığı Azərbaycan da istehsal edir və ixrac edir. Vyetnamda istifadə olunan pambığın 99 %-i xaricdən gətirilir. Ölkənin toxuculuq sənayesi iqtisadiyyatın böyük bir hissəsini təşkil edir və hər il 36 milyard ABŞ dolları ixracdan gəlir əldə edir. Bu məbləğin bir hissəsi Azərbaycandan pambığın alınmasına gedə bilər. Hesab edirəm ki, bu, gələcək əməkdaşlıq üçün maraqlı sahələrdən birinə çevrilə bilər”.

A.İmanov qeyd edib ki, Azərbaycan və Vyetnam arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın problemi ondan ibarətdir ki, iki ölkənin şirkətləri bir-birini kifayət qədər yaxşı tanımırlar: “Onlar bir-birlərinin ölkələrində təşkil olunan yarmarka və sərgilərdə iştirak etmirlər. Ona görə də bir-birlərinin bazarlarını bilmirlər və real maraq göstərmirlər. Odur ki, başlanğıc nöqtəsi, yəqin ki, müəssisələrimizi bir-birinə daha da yaxınlaşdıran, yarmarka və sərgilərdə qarşılıqlı iştirakı stimullaşdıran tədbirlərin keçirilməsi olmalıdır”.

Səfir xatırladıb ki, Azərbaycan səfirliyi Vyetnam şirkətlərinə Azərbaycanda tərəfdaş tapmaqda kömək etməyə hazırdır: “Biz iki ölkənin kənd təsərrüfatı şirkətləri arasında işgüzar görüşlər təşkil etməkdən şad olarıq. Vyetnam biznesləri maraq göstərsə, səfirliyimiz onlara kömək edəcək. Vyetnam və Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük potensialı var. Ümid edirəm ki, biz yaxın gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiyini görəcəyik”.

Son xəbərlər

Orphus sistemi