Özbəkistanın paytaxtı Daşkənddə, bu ölkənn sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II İqtisadi Forumu keçirilib.
Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil edib.
Hibrid formatda keçirilən tədbirdə dövlət qurumlarının, bankların, şirkətlərin, sənaye assosiasiyalarının, ticarət və sənaye palatalarının rəhbərləri və ekspertlər iştirak ediblər.
Y.Abdullayev Forumun forum çərçivəsində təşkil olunan plenar iclasda, “Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və iqtisadi-ticarət əlaqələrinin bərpası” panelində çıxış edib, Azərbaycanın iqtisadi inkişafı, ixrac və investisiya imkanları, eləcə də ölkəmizin ŞƏT ölkələri ilə iqtisadi tərəfdaşlığının, işgüzar dairələr arasında əlaqələrin inkişafı istiqamətləri barədə məlumat verib, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
AZPROMO-nun rəhbəri forum çərçivəsində təşkil olunan Sənaye İnnovasiyaları Sərgisi ilə tanış olub, bir sıra görüşlər keçirib.