Bakı. 25 avqust. REPORT.AZ/ Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 10-dan çox şirkətin nümayəndəsi ilə görüş keçirilib.
“Report” AZPROMO-ya istinadən xəbər verir ki, İxracatçılar Klubu çərçivəsində keçirilmiş görüşdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu da iştirak edib, Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.
Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, rəqabətədavamlı qeyri-neft məhsullarının, o cümlədən şərabın istehsalı və ixracı, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə Azərbaycanın Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin olunub, Belarusda Ticarət Evi açılıb.
Bildirilib ki, Azərbaycan şərablarına xarici ölkələrdə, o cümlədən Çində maraq və bu məhsulun ixrac potensialı genişdir. Məhz bu səbəbdən yerli şərabların Çinə ixracının genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür, Çindəki ticarət nümayəndəsi iş adamları ilə görüşür, onlara dəstək göstərir, ixracın genişləndirilməsinə dair müzakirələr aparılır. T. Nadiroğlu təmsil etdiyi ölkənin bazarı barədə məlumat verib, Azərbaycanın şərab məhsullarının bu bazara çıxarılması və satışının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, iş adamları ilə bu sahədə fikir mübadiləsi aparılıb.