Azərbaycan sahibkarları Macarıstanda keçirilən biznes forumda iştirak edib

Azərbaycan sahibkarları Macarıstanda keçirilən biznes forumda iştirak edib Sentyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə Türk Ticarət və Sənaye Palatasının biznes forumu keçirilib.
Biznes
24 Sentyabr , 2021 12:51
Azərbaycan sahibkarları Macarıstanda keçirilən biznes forumda iştirak edib

Sentyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə Türk Ticarət və Sənaye Palatasının biznes forumu keçirilib.

"Report" bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir.

Məlumata görə, Türk Ticarət Sənaye Palatası ilə Macarıstan İxracın Təşviqi Agentliyinin (HEPA) təşkil etdiyi tədbirə ümumilikdə 120 sahibkar qatılıb. Ölkəmizi ASK-ya üzv sahibkarlar təmsil ediblər.

Forumda nümayəndə heyətimiz adından Konfederasiyanın vitse-prezidentləri Vüqar Zeynalov və Vüqar Abbasov çıxış edib, Azərbaycanın iqtisadi imkanları, biznes mühiti, azad olunmuş ərazilərimizin investisiya imkanları barədə tədbirdə çıxış edən macar, türk, özbək, qazax, qırğız sahibkarlarına detallı məlumatlar təqdim edib.

Eyni zamanda, kənd təsərrüfatı, qida sənayesi, su sənayesi, sağlamlıq, informasiya və kommunikasiya sektorları üzrə B2B görüşlər keçirilib.

2020-ci ildə Azərbaycanın Türk Dövlət Əməkdaşlıq Şurasına üzv dövlətlər və Macarıstan ilə ticarət dövriyyəsinin dəyəri 4,5 milyard ABŞ dolları olub. Bu, ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 18,4%-ni təşkil edir. Ayrıca Macarıstanla Azərbaycanın ticarət dövriyyəsi ötən il 38 milyon dollar təşkil edib.

Forumda ölkələrimiz arasında gələcək ticarət və investisiya imkanları müzakirə edilib.

Türk Ticarət və Sənaye Palatası 2019-cu ildə yaradılıb. Qurumda ASK, Qazaxıstanın Sahibkarlar Milli Palatası (ATAMEKEN), Qırğızıstanın Ticarət və Sənaye Palatası, Türkiyənin Palatalar və Birjalar Birliyi (TOBB), Özbəkistanın Ticarət və Sənaye Palatası üzv kimi, Macarıstanın Ticarət və Sənaye Palatası isə müşahidəçi qismində iştirak edir.

Son xəbərlər

Orphus sistemi