Azərbaycan-Rusiya sərhədindəki “Xanoba” gömrük postunun açılışı olub

Azərbaycan-Rusiya sərhədindəki “Xanoba” gömrük postunun açılışı olub Bu gün Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
Biznes
17 Mart , 2023 13:10
Azərbaycan-Rusiya sərhədindəki “Xanoba” gömrük postunun açılışı olub

Bu gün Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbir iki ölkənin rəsmi şəxslərinin iştirakı ilə baş tutub.

Mərasimdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Rusiya ilə bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub.

Onun sözlərinə görə, ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 24 % artaraq 3,7 milyard ABŞ dollarına çatıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş. Mustafayev “Xanoba” sərhəd-buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli tənzimlənməsi üçün əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

Hökumət rəsmisi əlavə edib ki, Azərbaycan Şimal-Cənub dəhlizi ilə yükdaşımaların illik həcminin 15 milyon tona çatdırılmasına hazırdır: “Bu artım iki ölkə arasında logistikanı inkişaf etdirəcək”.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş, Şimal-Cənub dəhlizi üzərində yerləşən “Xanoba” gömrük postunun iki​ ölkənin idxal-ixrac imkanlarını daha da genişləndirəcəyini diqqətə çatdırıb. O da vurğulanıb ki, Azərbaycan və region üçün strateji əhəmiyyətə malik olan “Xanoba” sərhəd-buraxılış məntəqəsinin əhəmiyyəti daha da artacaq. ​

Prezident İlham Əliyevin sərəncamına əsasən yenidən qurulmuş “Xanoba” gömrük postunun açılışında Ş.Mustafayev və Ş.Bağırovla yanaşı, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk, Federal Gömrük Xidməti rəhbərinin I müavini Ruslan Davıdov, Dağıstan hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər.

Tədbirdən əvvəl Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə əklil qoyulub. İki ölkənin dövlət sərhədində yerləşən “Samur” və "Yaraq-Qazmalar”​ gömrük postunda olan nümayəndə heyətinin üzvləri​ sərhədkeçmə prosesləri, buraxılış qabiliyyəti ilə bağlı fikir mübadiləsi aparıb. Daha sonra “Xanoba” sərhəd-buraxılış məntəqəsində yenidən inşa edilmiş infrastrukturun açılışı olub. Rəmzi lenti kəsən nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, layihənin ümumi sahəsi 6,85 hektar, yaşıllıq əraziləri 3 331,7 m2, tikililərin sahəsi 20 104,23 m2, buraxılış məntəqəsinin sahəsi isə 22 000 m2-dir.

“Xanoba” gömrük postunda gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5 000 nəfərə qədər fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da yük, avtobus, minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi