Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 7-11-də Azərbaycan məhsulları növbəti dəfə vahid ölkə stendi ilə Köln şəhərində (Almaniya) keçiriləcək "ANUGA" Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sərgidə nazirlik tərəfindən keçirilmiş müsabiqə əsasında seçilmiş 21 Azərbaycan şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları təqdim ediləcək.
Qeyd edək ki, indiyədək yerli məhsullar Dubayda (BƏƏ) keçirilmiş "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində, Düsseldorfda (Almaniya) təşkil olunmuş "Prowein 2017" Beynəlxalq Şərab Sərgisində və Moskvada (Rusiya) keçirilimiş "Worldfood Moscow 2017" sərgisində vahid ölkə stendi ilə nümayiş olunub, xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib.