Azərbaycan Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata assosiativ üzv qəbul olunub

Azərbaycan Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata assosiativ üzv qəbul olunub Bu, dünya ölkələri ilə ticarət əlaqələrində texniki maneələri aradan qaldıracaq
Biznes
28 Mart , 2018 12:18
Azərbaycan Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata assosiativ üzv qəbul olunub

Bakı. 28 mart. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata (ILAC) assosiativ üzv qəbul olunub.

Bunu "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsindən bildiriblər.  

Məlumata görə, bu, dünya ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin dünya keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır: "Əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş laboratoriyalar tərəfindən verilən sınaq və kalibrləmə sənədlərinin beynəlxalq aləmdə tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq.

Beynəlxalq təşkilata assosativ üzvlük tam hüquqlu üzv istiqamətində son mərhələ sayılır. İSO 17011 “Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” standartına əsasən, Azərbaycan Akkreditasiya Mərkəzinin beynəlxalq tələblərə uyğunluğu qiymətləndirildikdən sonra Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatına (ILAC) tam hüquqlu üzvlüyü təmin ediləcək.

Azərbaycan Akkreditasiya Mərkəzi 2012-ci ildə ILAC-ın müxbir üzvü olub. Müxbir üzvlük yalnız ILAC-ın təşkil etdiyi tədbirlərdə, konfranslarda iştirak etmək hüququ verib. İndi isə beynəlxalq təşkilata assosiativ üzv olmaqla Azərbaycan Akkreditasiya Mərkəzi təşkilatın texniki komitələrinin işçi qruplarında təmsil olunmaq, həmçinin qəbul edilən sənədlərə rəy və təkliflər vermək və səsvermədə iştirak etmək hüququ qazanır. Eyni zamanda ILAC-ın logosundan istifadə etmək imkanı yaranır". 

Son xəbərlər

Orphus sistemi