Azərbaycan, Əfqanıstan və Türkmənistanın TIR parkı yaratması təklif olunur

Azərbaycan, Əfqanıstan və Türkmənistanın TIR parkı yaratması təklif olunur Sentyabrın 14-də Azərbaycan, Əfqanıstan və Türkmənistanın alt işçi qrupu rəhbərlərinin videokonfrans formatında növbəti iclası keçirilib.
Biznes
15 Sentyabr , 2020 14:04
Azərbaycan, Əfqanıstan və Türkmənistanın TIR parkı yaratması təklif olunur

Sentyabrın 14-də Azərbaycan, Əfqanıstan və Türkmənistanın alt işçi qrupu rəhbərlərinin videokonfrans formatında növbəti iclası keçirilib.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, iclas 3 ölkə arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin müzakirə edilməsi məqsədilə iyulun 27-də keçirilmiş videokonfrans formatında görüşun davamı olaraq baş tutub.

Üç ölkənin ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, həmçinin gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan tərəfdən DGK sədrinin I müavini İsmayıl Hüseynov, Əfqanıstan tərəfdən Gəlirlər və Gömrük üzrə nazir müavini Eesa Qudrat, Türkmənistan tərəfdən isə bu ölkənin Dövlət Gömrük Xidmətinin sədr müavini Muhammed Muhammedov, eləcə də hər üç ölkənin gömrük xidmətinin aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.

E.Qudrat gömrük və sərhəd məsələləri üzrə komitənin yol xəritəsini hazırladıqları üçün Azərbaycana xüsusi təşəkkürünü bildirib. O, yol xəritəsinin hər üç ölkədə gömrük və sərhəd məsələlərinin həllinə yönələn əməkdaşlıq çərçivəsinin hazırlanmasına mühüm dəstək olacağını qeyd edib. Əfqanıstan tərəfi yol xəritəsi ilə bağlı gömrük infrastrukturunun təkmilləşdirilməsi, insan müdaxiləsini azaltmaqla gömrük əməliyyatlarının sürətləndirilməsi, gömrük xidmətinin ən son texnologiyalar ilə təmin edilməsi, üç ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsinin aparılması, quru limanlarının layihələndirilməsi və modernləşdirilməsi, həmçinin TIR parklarının yaradılması ilə bağlı təkliflərini diqqətə çatdırıb.

Görüşdə çıxış edən İ.Hüseynov isə DGK tərəfdən gömrük nəzarəti və rəsmiləşdirilməsində istifadə edilən vahid avtomatlaşdırılmış idarəetmə sistem barədə məlumat verib, Azərbaycan gömrük xidmətinin ilkin məlumat mübadiləsi sahəsində geniş təcrübəyə malik olduğunu və “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş”in imzalandığını və belə sənədin Əfqanıstanla da imzalanmasının qeyd olunan sahədə həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. İsmayıl Hüseynov Azərbaycanın Rusiya, Ukrayna, İran və Gürcüstanla ilkin məlumat mübadiləsi mexanizminin mövcud olduğunu da qeyd edib.

Türkmənistan tərəfi tədbir zamanı yol xəritəsinə ikitərəfli Anlaşma Memorandumu və ya saziş üçün tədbirlər planı hazırlamaq, müvafiq tapşırıqların yerinə yetirilməsi üçün daimi işçi qrup yaratmaq və ilkin olaraq qadağan olunmuş malların siyahısını mübadilə etməklə bağlı təkliflər irəli sürüb.

Görüş zamanı yol xəritəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və növbəti görüşdə müzakirə olunacaq məsələlər barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi