Azərbaycan Dünya Bankı ilə investisiya əməkdaşlığını müzakirə edib - YENİLƏNİB

Azərbaycan Dünya Bankı ilə investisiya əməkdaşlığını müzakirə edib - YENİLƏNİB İqtisadiyyat naziri Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru ilə görüşüb
Biznes
1 Aprel , 2021 16:35
Azərbaycan Dünya Bankı ilə investisiya əməkdaşlığını müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" Nazirliyə istinadən xəbər verir ki, nazir Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.

M.Cabbarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, koronavirus (COVİD-19) pandemiyasından sonra iqtisadiyyatın bərpası barədə fikirlərini bölüşüb.

S.Molineus Azərbaycanda aparılan iqtisadi islahatları Dünya Bankının dəstəklədiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə Dünya Bankı ilə tərəfdaşlığın genişləndirilməsi, potensial əməkdaşlıq sahələri və digər məsələlər barədə müzakirələr aparılıb.

14:05

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Sebastian Molineus ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazir “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

"S.Molineus və onun həmkarları ilə koronavirus (COVID-19) pandemiyasından sonra iqtisadi bərpa, potensial investisiya sahələri üzrə əməkdaşlıq, layihələrin icra vəziyyəti və gələcək perspektivlərin müzakirəsi barədə görüş keçirdik", - o deyib.

Son xəbərlər

Orphus sistemi