Azərbaycan Danimarka şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Danimarka şirkəti ilə Anlaşma Memorandumu imzalayıb Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib
Biznes
139
18 May , 2021 16:30
Azərbaycan Danimarka şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Bu gün İqtisadiyyat Nazirliyi və Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

İmzalanma nazirin, eləcə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, eləcə də “Carlsberg Group” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Sənədə uyğun olaraq, “Carlsberg Azerbaijan” şirkəti xammal bazasının lokallaşdırılmasına, müəssisənin modernləşdirilməsinə, itkilərin azaldılmasına və iş yerlərində təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə, ölkədə istehsal olunan pivənin ixracına, eləcə də 2021-2025-ci illərdə istehsalın inkişafına yönəlmiş kommersiya layihələrinə 25 milyon manatdan çox sərmayə yatırmağı planlaşdırır.

Tərəflər həmçinin, “Made in Azerbaijan” məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ixrac layihələrində əməkdaşlıq barədə razılığa gəliblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov: “Carlsberg Azerbaijan” şirkətinin ölkəmizdə yeni inkişaf və sərmayə planları diqqətəlayiqdir. Bu gün imzalanan sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşündən irəli gələn tapşırığının icrasıdır. Şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, xammal bazasının lokallaşdırılması və innovativ texnologiyalara əsaslanan istehsal prosesinə keçidi nəzərdə tutan proqramını təqdir edirik. Anlaşma Memorandumu bir sıra məqsədləri hədəfləyir. Belə ki, şirkət 2025-ci ilədək Azərbaycanda pivəlik arpanın istehsalını dəstəkləməklə xammal idxalını əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur. İstehsalın genişləndirilməsi və lokallaşdırılması ixrac imkanlarını da artıracaq, məşğulluğa töhfə verəcəkdir. İqtisadiyyat Nazirliyi ixraca dəstək mexanizmləri çərçivəsində qarşılıqlı əməkdaşlıq etməklə şirkətin ixrac potensialının artırılmasına dəstək verməyə hazırdır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcəkdir”.

“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann: “İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Azerbaijan” arasında imzalanmış Memorandum Azərbaycanda biznesə dəstəyin gözəl nümunəsidir. Dövlətin dialoqa açıq olması, bizneslə əməkdaşlıq səviyyəsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə biznesimizin inkişafı üçün əsas yaradır. Azərbaycanda dövlətlə biznes arasında dialoqa belə yanaşma Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin göstəricisidir və bu yanaşma yaxın gələcəkdə öz bəhrəsini mütləq göstərəcək”.

“Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev: “Mən dörd ilə yaxındır ki, Azərbaycanda yaşayır və işləyirəm. İstər Azərbaycandakı biznesin rəhbəri kimi bizneslə hakimiyyət arasında dialoqda, istərsə də gündəlik həyatda bazar şəffaflığında, müştəriyə xidmətdə və bir çox başqa sahələrdə ildən-ilə real tərəqqini görürəm. Şübhəsiz ki, bu, həm də İqtisadiyyat Nazirliyinin sektor və miqyasından asılı olmayaraq biznesin dəstəklənməsinə yönəlmiş effektiv və dəqiq aparılan işinin nəticəsidir. Biz çox şadıq ki, hakimiyyətdə əsas tənzimləyici orqan və maraqlı tərəf bizim əsas tərəfdaşımız və dəstəkçimizdir. Bu, gələcəkdə Azərbaycanda biznesimizin genişləndirilməsinə inamı daha da artırır”.

Son xəbərlər

Orphus sistemi