Azərbaycan BMT ilə yeni sənəd imzalayıb

Azərbaycan BMT ilə yeni sənəd imzalayıb Azərbaycan və BMT arasında korporativ məsuliyyəti və dayanıqlı biznesi təşviq etmək üçün Anlaşma Memorandumu imzalanıb.
Biznes
22 Oktyabr , 2021 10:23
Azərbaycan BMT ilə yeni sənəd imzalayıb

Azərbaycan və BMT arasında korporativ məsuliyyəti və dayanıqlı biznesi təşviq etmək üçün Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, sənədi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr əvəzi Osman Xaliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.

V. Andreeva bildirib ki, Anlaşma Memorandumunun icra müddəti 3 ildir.

"Sənədin məqsədi Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədəflərlə uyğunlaşdırılmış 5 sosial-iqtisadi inkişaf ptioritetinə nail olmaq üçün cəmiyyət, biznes və dövlət arasında münasibətləri gücləndirmək, koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa prosesi zamanı möhkəm biznes modelləri qurmaq, habelə beynəlxalq bazarlara çıxmaq və rəqabət qabiliyyətlərini artırmaq üçün yerli şirkətlərə kömək etməkdən ibarətdir. Tərəflər həmçinin BMT-nin Qlobal Sazişinin əmək-insan hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair 10 prinsipini Sahibkarlığın İnkişafı Fondu, eləcə də nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər. Biz bu çərçivədə işləməyə hazırıq", - deyə o, qeyd edib.

160-dan çox ölkədən 12 000 şirkət və 3 000 qeyri-biznes qurumunu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Bu saziş şirkətləri öz strategiya və fəaliyyətlərini 10 prinsipə uyğunlaşdırmağa, BMT-nin 2039-cu ilə qədərki Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməyə çağırır. Sənədin 10 prinsipi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İşdə əsas prinsiplər və hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi , Ətraf Mühit və İnkişaf haqqında Rio Bəyannaməsi və BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında hazırlanıb.

Son xəbərlər

Orphus sistemi