Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 522 milyon ABŞ dolları dəyərində 88 738 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,3 % və 32,7 % çoxdur.
11 ay ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 69 % azalaraq 116 ədəd (7,5 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 32,75 % artaraq 81 824 ədəd (1 milyard 377,4 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 12 749-ü (332,4 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 737-i (111,1 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 21,6 %, ikincinin isə 6,6 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 41,9 % artaraq 6 464 ədəd (101,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 11,7 % artaraq 334 ədəd (36 milyon ABŞ dolları dəyərində) olub.