Azərbaycan Aİ ilə qeyri-neft sektorunda əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan Aİ ilə qeyri-neft sektorunda əməkdaşlığı genişləndirmək istəyir İqtisadiyyat naziri Şahin Mustafayev Aİ-nın Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşüb
Biznes
3 Oktyabr , 2017 09:45
Azərbaycan Aİ ilə qeyri-neft sektorunda əməkdaşlığı genişləndirmək istəyir
Economy.gov.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Şahin Mustafayev Aİ-nın Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib.

O, Aİ rəsmisini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və Aİ arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusilə önəmlidir: “Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%, Azərbaycanda əsas kapitala yönəlmiş investisiyalarının ümumi həcmində son 10 ildə 46%, qeyri–neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir. Aİ ölkələrinin Azərbaycanda 1 300-dən çox şirkəti fəaliyyət göstərir. Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. İndiyə qədər Aİ Azərbaycana 582 mln. avro məbləğində texniki yardım göstərib”.

Görüşdə Azərbaycanın nəqliyyat və energetika sahələrində də Aİ ilə əməkdaşlığa önəm verdiyi, bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb. Bundan başqa, yeni Aİ-Azərbaycan sazişinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın bu sənədə önəm verdiyi qeyd edilib.

K.Yankauskas isə əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb. O, qeyd edib ki, yeni Aİ-Azərbaycan sazişi üzərində intensiv iş aparılır. Azərbaycan və Aİ arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu vurğulayan K.Yankauskas qeyri-neft sektorunun ölkəmiz üçün prioritetliyi barədə məlumatlı olduğunu, Azərbaycanın zəngin turizm potensialı hesabına ölkəyə daha çox avropalı turistin cəlb oluna biləcəyini, ölkəmizin geniş ixrac imkanlarının olduğunu bildirib. K.Yankauskas Aİ-nın genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın Şahin Mustafayevi Brüsselə (Belçika) dəvət etdiyini də diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi