“AtaHolding” baş ofisinin yerini dəyişir

“AtaHolding” baş ofisinin yerini dəyişir Şirkətlər qrupu Bakının Xətai rayonunda inşa etdirdiyi binaya köçməyi planlaşdırır
Biznes
11 Yanvar , 2017 14:33
“AtaHolding” baş ofisinin yerini dəyişir

Bakı. 11 yanvar. REPORT.AZ/ “AtaHolding” MMC bu il baş ofisinin yerini dəyişəcək. 

“Report”un məlumatına görə, şirkətlər qrupu Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi,55 ünvanındakı “Yeni Həyat Plaza”dan paytaxtın Xətai rayonu, Xocalı prospekti,45A ünvanında inşa etdirdiyi binaya köçməyi planlaşdırır.

İnşasına ötən il, mayın 4-də başlanmış bina bu il aprelin 30-da təhvil verilməlidir. Layihənin sifarişçisi “AS Capital” MMC, müəllifi “Platek-House” MMC, podratçısı isə “İstanbul Çarşı import export” MMC-dir. 15 mərtəbəli binanın hündürlüyü 65 metr, uzunluğu 51 metr, eni isə 22 metrdir.

Xatırladaq ki, “AtaHolding” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 125,345 mln. manatdır. Şirkətlər qrupunun təsisçiləri 3 şirkət – 51,15%-lik payla Panamada qeydiyyatdan keçmiş “Hughson Management İnc.” və 25,08%-lik payla “Clonmel International İnc.”, eləcə də 23,77%-lik payla Seyşel adalarında qeydiyyatdan keçmiş  “Asbet Ltd.”dir.

Holdinqin tərkibinə “Atabank” (76% payla), “Bank VTB (Azerbaijan)” (48,99% payla), “Atasığorta” (100% payla) və “Ataleasing” (64% payla) ASC-lər, “AtaTravel” (100% payla), “AtaTexnologiya” (100% payla), “Şəmkir Quşçuluq” (100% payla) MMC-lər, “Excelsior Hotel Baku” (100% payla), “AtaSport” idman klubu (100% payla), “Ataİnkişaf” fondu (100% payla) daxildir.

Son xəbərlər

Orphus sistemi