Tikinti materialları istehsalçıları 2024-cü ili Azərbaycanda "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edilməsi ilə bağlı istehsal prosesində "yaşıl" və təmiz texnologiyalara üstünlük verəcəklər.
"Report" xəbər verir ki, bunu Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) baş katibi Şahanə Sarı deyib.
Onun sözlərinə görə, Assosiasiya üzvləri bu il xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işlərində ekoloji yönümlü tikintilərə önəm verəcək: "Həmçinin, ekoloji sağlam tikinti materiallarının istehsalı və bu prosesə bərpa olunan enerjinin inteqrasiyası da daxil olmaqla beynəlxalq təcrübələrdən istifadə etməyi hədəflənir”.
Ş. Sarı bildirib ki, hazırda Azərbaycanda istehsal olunan tikinti materiallarının ixracı ilə bağlı bazar araşdırmaları aparılır: "Əsas hədəf ölkələrdən biri Qazaxıstandır. Belə ki, bu ölkəyə az xərclə inşaat məhsullarının ixracı mümkün ola bilər. Qazaxıstanda "Made in Azerbaijan" brendi ilə təmsil oluna bilərik".
O həmçinin qeyd edib ki, bu il Türkiyə, Orta Asiya, Rusiya, Yaxın Şərqi əhatə edən aparıcı tikinti şirkətləri və tikinti materialların istehsalçıları ilə tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ATMİA 2017-ci ildə yaradılıb.
