Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilmiş Məmməd Abbasbəyli bu gün kollektivə təqdim edilib.
“Report” xəbər verir ki, o, 1975-ci ildə Gəncə şəhərində anadan olub, Xəzər Universitetində beynəlxalq əlaqələr, Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə ali təhsil, ABŞ-nin Perdyu və Corc Vaşinqton universitetlərində hüquq üzrə magistr dərəcəsi alıb, 2000-ci ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının həqiqi üzvüdür.
M.Abbasbəyli əmək fəaliyyətinə Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, 2003-cü ilə qədər şirkətin Bakı ofisində fəaliyyətini davam etdirib, 2004-2008-ci illərdə bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində işləyib, 2009-2014-cü illərdə ölkədə fəaliyyət göstərən xarici şirkətlərdən birinin baş icraçı direktoru olub, eyni zamanda mobil və stasionar rabitə, telekommunikasiya, xarici qızıl və əlvan metal hasilatı, neft-qaz və iri tikinti sənayesi şirkətlərinin Direktorlar Şuralarının həmsədri və üzvü kimi fəaliyyət göstərib. 2013-2014-cü illərdə ADA Universitetinin Biznes fakültəsinin Himayədarlar Şurasının üzvü və Şura nəzdindəki komitənin həmsədri olub.
O, 2019-cu ildə iqtisadiyyat nazirinin müşaviri, ölkə prezidentinin 8 iyul 2020-ci il tarixli sərəncamı ilə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin edilib, eyni zamanda İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının və Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü olub.
Ailəlidir, 3 övladı var.