Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin vitse-prezidenti Stiven Vesthed şirkətin 51 002 ədəd adi səhmlərinə sahib olub.
“Report”un şirkətə istinadən verdiyi məlumata görə, bu səhmin hər birinin dəyəri 1 pens və ya 0,55875 funt/sterlinq təşkil edib.
Bu sövdələşmədən sonra S.Vesthed 286 002 ədəd adi səhmə malik benefisiar paya sahibdir. Bu da şirkət tərəfindən emissiya edilmiş səhmlərin təxminən 0,25 %-ə bərabərdir.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.