AMB-nin investisiya məqsədli pul nişanları nə dərəcədə sərfəli maliyyə alətidir?

AMB-nin investisiya məqsədli pul nişanları nə dərəcədə sərfəli maliyyə alətidir? Azərbaycan Mərkəzi Bankı (AMB) 2 gündür ki, investisiya məqsədli pul nişanlarının satışına başlayıb.
Biznes
11 may 2023 12:40
AMB-nin investisiya məqsədli pul nişanları nə dərəcədə sərfəli maliyyə alətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 gündür ki, investisiya məqsədli pul nişanlarının satışına başlayıb.

Ölkəmizin tarixində ilk dəfə tədavülə buraxılan pul nişanları yüksək əyarlı yerli qızıldan hazırlanıb, 4 müxtəlif çəkidə fiziki və hüquqi vətəndaşlara təklif olunur.

Bəs onlar nə dərəcədə sərfəli maliyyə alətidir? "Report" mövzunu iqtisadçı-ekspertlərlə müzakirə edib.

Çəki

Metal

Nominal AZN

Satış qiyməti AZN

1 troy unsiya (31,1 qram)

qızıl

100

3 750

1/2 troy unsiya (15,55 qram)

qızıl

50

1 885

1/4 troy unsiya (7,78 qram)

qızıl

20

990

1/10 troy unsiya (3,11 qram)

qızıl

10

422

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli deyir ki, investisiya məqsədli pul nişanları Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədavülə buraxıldığı üçün hər şeydən əvvəl mənəvi dəyəri var, amma maddi dəyəri də az deyil: "Bütün dünyada bu tip pul nişanlarına güvənli maliyyə aləti kimi baxırlar. Bizdə əhalinin yatırım üçün əsas seçimi daha çox qızıl-zinyət əşyalarıdır. Amma bu pul nişanları AMB-nin tədavülə buraxdığı, standart nəzarəti olan, zinyət əşyalarından fərqli olaraq investisiyası olan və qiymətləri bazarda gündəlik müəyyələşdirilən əskinaslardır. Qızıla investisiya etmək istəyən şəxslər bu pul nişanlarından ala bilərlər”.

Onun fikrincə, əhalinin bu pul nişanlarına marağı kifayət qədər yüksək olacaq, çünki, onların likvidliyi təmin olunub: “Türkiyədə “Cümhuriyyət altını” deyilən pul nişanlarını əhali həddindən artıq maraqla qarşılayıb. Onlar bu əskinasları alıb-satır, hətta yığım üçün istifadə edirlər. İnsanların yeni əskinası Azərbaycanda da yığım vasitəsi kimi istifadə edəcəyini düşünürəm. Pul nişanının qiyməti dünya bazarı nəzərə alınaraq müəyyən edilib. Təbii ki, dünya bazarında qiymət gündəlik dəyişdiyi üçün, bu məbləğin yuxarı və aşağı düşmə ehtimalı da var. Qızılın uzunmüddətli dövrdə qiymətinin artacağını düşünənlər, bunu alıb saxlayacaqlar. İnvestorlar qazanc əldə etmək üçün bu pul nişanlarından istifadə edəcəklər. Onu da əlavə edim ki, bundan sonra qızılın qiymətinin qalxacağı gözlənilir”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, sözügedən əskinasın qiyməti dəyişkən və dünya bazarından asılı olacaq, odur ki, yatırımda maraqlı olan şəxslər bunu ala bilərlər: "Normal bazarı öyrənən yatırımcılar qızılın gələcəkdə bahalaşması proqnozu ilə davransa, bu pul nişanlarına maraq göstərəcəklər. Onlar bu əskinası bu gün ucuz alıb, sabah baha satacaqlar. Düşünürəm ki, pul nişanları daha çox hədiyyə kimi istifadə olunacaq. Məsələn, Türkiyədə “Cümhuriyyət altını” daha çox toylarda, bəy və gəlinə hədiyyə olunur”.

Bununla belə, onun fikrincə, pul nişanlarının qiymətinin dəyişkən olması insanlarda çəkingənlik hissi yarada bilər: “Çünki, bu gün dünya bazarında qızılın qiyməti 2 000 ABŞ dollarını keçib, amma sabah bu qiymət aşağı və yaxud yuxarı ola bilər. Hazırda bazarda qızılın keyfiyyətindən asılı olaraq onun bir qramının qiyməti 85-95 manat arasında dəyişir. Yeni satışa çıxarılan pul nişanlarının bazardakı qiymətdən baha olması ilkin mərhələdə yatırımcılara cəlbedici gəlməyə bilər. Dünyada böhran və resessiya olsa, bu kimi vəziyyətlərdə qızılın qiyməti həmişə yüksəlir. Bəzi ehtimallara görə, qızılın qiyməti ilin sonuna kimi 2 500-3 000 ABŞ dollarına kimi bahalaşacaq. Qiymətlər bu kimi oynaq bazardan asılı olduğu üçün pul nişanları daha çox peşəkar yatırımcıların marağına səbəb olacaq. Onlar alqı-satqı əməliyyatları nəticəsində pul əldə edəcəklər. Buna adi vətəndaşların marağının az olacağını düşünürəm. Çünki bazardakı tendensiyaları izləmək kimi bir zamanları və peşəkarlıqları yoxdur. Vətəndaşlar bu əskinasdan daha çox kolleksiya və hədiyyə kimi istifadə edəcəklər”.

"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev isə deyir ki, investisiya məqsədli pul nişanları daha çox hədiyyə vermək məqsədi ilə alına bilər: "Yeni pul nişanlarının zərgərlik bazarına ciddi təsir edəcəyini düşünmürəm. Azərbaycanda əvvəlki dövrlərdə tədavülə buraxılan pul nişanları kimi bunun da öz alıcıları olacaq".

Xatırladaq ki, investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası, “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub. Pul nişanlarının satışını və geri alışını AMB həyata keçirir.

Son xəbərlər

Orphus sistemi