Aİ-də avtomobil satışları son 8 ilin minimumuna düşüb

Aİ-də avtomobil satışları son 8 ilin minimumuna düşüb Bu, 2013-cü ildən bəri fevral ayı üçün ən aşağı göstəricidir
Biznes
17 Mart , 2021 15:54
Aİ-də avtomobil satışları son 8 ilin minimumuna düşüb

Avropa İttifaqı ölkələrində avtomobil satışları COVID-19 pandemiyasından qaynaqlanan qeyri-müəyyənlik və karantin tədbirləri fonunda tələbatın azalması səbəbindən fevral ayında illik müqayisədə 19,3 % azalıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatında deyilir.

ACEA-nın məlumatına görə, keçən ay Aİ-də (statistikası olmayan Malta istisna olmaqla) qeydiyyata alınan yeni avtomobillərin sayı 771,486 min təşkil edib. 2020-ci ilin fevral ayında isə bu rəqəm 956,43 min olmuşdu.

Qeyd olunub ki, bu, 2013-cü ildən bəri fevral ayı üçün ən aşağı göstəricidir.

Aİ-yə daxil olan 27 ölkənin, demək olar, hamısında satışlarda azalma qeydə alınıb. Bu baxımdan yalnız İrlandiya (+4,9 %) və İsveç (+5,3 %) istisna təşkil edib. Regionun dörd ən böyük avtomobil bazarları üzrə baxdıqda isə İspaniyada göstərici 38,4 %, Fransada 20,9 %, Almaniyada 19 %, İtaliyada 12,3 % azalıb.

Bu ilin yanvar-fevral aylarında Aİ ölkələrində avtomobillərin qeydiyyatı 21,7 % azalaraq 1,498 milyon təşkil edib. O cümlədən İspaniyada azalma 44,6 %, İtaliyada 13,1 %, Fransada 14,2 %, Almaniyada 25,1 % olub.

Fevral ayında Avropada (Aİ ölkələrindən başqa, İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya) yeni avtomobil qeydiyyatı sayı 20,3 % azalaraq 850,17 min olub. Bu ilin ilk iki ayı üzrə göstərici isə 23,1 % azalaraq 1,693 milyon təşkil edib.

Son xəbərlər

Orphus sistemi