ABŞ bir neçə ölkəyə ixracı sərtləşdirdi

ABŞ bir neçə ölkəyə ixracı sərtləşdirdi ABŞ hökuməti iyunun 29-dan etibarən Rusiya, Çin və Venesuelaya sərt ixrac məhdudiyyətləri tətbiq edib.
Biznes
30 İyun , 2020 11:02
ABŞ bir neçə ölkəyə ixracı sərtləşdirdi

ABŞ hökuməti iyunun 29-dan etibarən Rusiya, Çin və Venesuelaya sərt ixrac məhdudiyyətləri tətbiq edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, müvafiq bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə hələ aprel ayında yerləşdirilib, sadəcə, qərar dərc edildikdən 60 gün sonra qüvvəyə minib.

ABŞ hökuməti iki məhdudiyyət qaydasını tətbiq edib. Birincisi mülki istehlakçılar üçün nəzərdə tutulmuş lisenziyasız amerikalı mal ixracatçılarına tətbiq olunan istisnaların ləğvidir. Belə məhsullara rulmanlar, yarımkeçiricilər, kompüterlər, telekommunikasiya avadanlıqları, radiolokasiya sistemləri və digərləri daxildir.

İyunun 29-dan etibarən ixracatçılar bu cür malların təchizatı üçün lisenziya almağa məcbur olacaqlar. Dəyişikliklər o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Ukrayna, Ermənistan və İraqa ixracata da təsir edəcək. ABŞ Ticarət Nazirliyinin Sənayə və Təhlükəsizlik Bürosu bəzi ölkələrin bu cür məhsulları mülki yox, hərbi sahə üçün əldə etməsinə görə belə tədbirlər tətbiq edib.

İkinci məhdudiyyət hərbi sənaye ilə də əlaqədardır və bu sahədə malların təchizatını məhdudlaşdırmaq məqsədi daşıyır. İndi hərəkətləri və ya funksiyaları malların hərbi istifadəsini dəstəkləmək üçün nəzərdə tutulmuş istənilən şəxs və ya təşkilat hərbi sektora aid ediləcək.

“Çin, Rusiya və Venesueladakı bəzi təşkilatlar ABŞ-ın ixrac tənzimlənməsini pozmağa və ümumilikdə Amerikanın maraqlarına xələl gətirməyə çalışıb. Buna görə də ABŞ texnologiyasının yanlış əllərə keçməməsinə əmin olmaq üçün daha ayıq olacağıq”, - ABŞ Ticarət Nazirliyinin mətbuat xidməti nazir Uilbur Rossdan sitat gətirib.

Sənəd həmçinin ayrıca olaraq ABŞ-ın ikili və hərbi təyinatlı məhsullarının Çinə ixracına lisenziyaların verilməsinə dair tələbləri sərtləşdirir.

Sənəddə qeyd olunur ki, Rusiya və Venesuelaya münasibətdə oxşar tələblər 2014-cü ildə də tətbiq olunub. ABŞ Ticarət Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Çin ilə əlaqəli dəyişikliklər hər üç ölkədə hərbi istifadəçilərə məhdudiyyətlərin qoyulması məqsədilə edilib. Buna qədər ABŞ şirkətləri Çinin hərbi strukturlarını müxtəlif kateqoriyadan olan mallarla, bu materiallar hərbi istifadə üçün nəzərdə tutulmayıbsa, təchiz edə bilərdi. İndi isə bu vəziyyətdə də onlar xüsusi lisenziyalar almalı olacaqlar.

Son xəbərlər

Orphus sistemi