"ABŞ Azərbaycana ən çox sərmayə qoyan 10 ölkədən biridir" - MÜSAHİBƏ

"ABŞ Azərbaycana ən çox sərmayə qoyan 10 ölkədən biridir" - MÜSAHİBƏ Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır və iki ölkə birlikdə böyük layihələr reallaşdırır. Azərbaycanla ABŞ arasında enerji sahəsi də daxil olmaqla bir çox sahələrdə davam edən əməkdaşlıq uğurlu tarixçəyə malikdir. İki ölkə arasında müxtəlif sahələr üzrə mütəmadi şəkildə qarşılıqlı səfərlər, təmaslar və məsləhətləşmələr keçirilir. ABŞ-Azərbaycan Ticarət Palatası isə bir çox birgə layihələrin icraçısıdır. Palatanın mənzil-qərargahı paytaxt Vaşinqton şəhərində yerləşir. Qurumun icraçı direktoru Natiq Baxışov Reportun xüsusi müxbirinin suallarını cavablandırıb.
Biznes
698
12 May , 2020 09:43
ABŞ Azərbaycana ən çox sərmayə qoyan 10 ölkədən biridir - MÜSAHİBƏ

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır və iki ölkə birlikdə böyük layihələr reallaşdırır. Azərbaycanla ABŞ arasında enerji sahəsi də daxil olmaqla bir çox sahələrdə davam edən əməkdaşlıq uğurlu tarixçəyə malikdir. İki ölkə arasında müxtəlif sahələr üzrə mütəmadi şəkildə qarşılıqlı səfərlər, təmaslar və məsləhətləşmələr keçirilir. ABŞ-Azərbaycan Ticarət Palatası isə bir çox birgə layihələrin icraçısıdır. Palatanın mənzil-qərargahı paytaxt Vaşinqton şəhərində yerləşir. Qurumun icraçı direktoru Natiq Baxışov "Report"un xüsusi müxbirinin suallarını cavablandırıb.

- İlk öncə Palatanın ABŞ və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafına nə dərəcədə töhvə verdiyindən bəhs etməyinizi istərdik. Ötən müddət ərzində bu iki ölkə arasında hansı layihələri uğurla reallaşdırmısınız?

- Bildiyiniz kimi, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə iki ölkə arasında ticarət və biznes əlaqələri, eləcə də qarşılıqlı investisiya qoyuluşlarının təşviqi məqsədilə təsis edilib. Bu il Palata 25 illik yubileyini qeyd edir. Qürurla deyə bilərik ki, yarandığı dövrdən bu günədək Palata ABŞ və Azərbaycan arasında ticari əlaqələrin genişlənməsində, həmçinin Azərbaycanın aparıcı rolu ilə həyata keçirilmiş bir sıra iri həcmli regional layihələrə - o cümlədən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinə ABŞ-ın dəstəyinin təmin edilməsində əhəmiyyətli rol oynayıb. Keçən müddət ərzində çox uğurlu və həqiqətən də faydalı layihələrə imza atdıq. 

Palata illik əsasda konfranslar və qarşılıqlı ticarət missiyaları təşkil etməklə iki ölkənin biznes dairələri, habelə dövlət və hökumət nümayəndələri arasında əlaqələri təşviq edir. 2006-cı ildən bəri Palatanın təşkilatçılığı ilə, ikisi ABŞ-ın Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılmış missiya olmaqla, toplam 8 ticarət missiyasını həyata keçirmişik. Azərbaycanda reallaşmış bu layihələr nəticəsində bir sıra ABŞ şirkətləri Azərbaycan bazarına ilk dəfə daxil olub, hətta bəziləri bu bazarda iştiraklarını genişləndiriblər. Nümunə olaraq qeyd edim ki, 2017-ci ildə təşkil olunmuş missiya nəticəsində iki ölkənin biznes dairələri arasında 5 milyon ABŞ dollarından artıq məbləğdə müqavilələr imzalanıb.

ABŞ-Azərbaycan Ticarət Palatası iki dövlət arasında iqtisadi münasibətlərin genişlənməsi və keyfiyyətcə yeni mərhələyə çıxarılması üçün ölkəmizlə ABŞ-ın ayrı-ayrı ştatları arasında birbaşa ticari əlaqələrinin yaranmasına əhəmiyyət verir. Bu məqsədlə, Palata Azərbaycanın əsasən, qeyri-neft sektorunda prioritetlərinə uyğun olaraq, ABŞ-ın ayrı-ayrı ştatlarında biznes və ticarət imkanlarını araşdırır və bu imkanların reallaşdırılması məqsədilə Azərbaycandan ABŞ-a ticarət missiyaları təşkil edir. Ötən ilin aprel və noyabr aylarında Azərbaycanla ABŞ-ın İllinoys və Oklahoma ştatları arasında kənd təsərrüfatı sahəsində keçirilmiş iki böyük aqrar forumu buna nümunə göstərə bilərəm.

İllinoys və Oklahoma ştatları ilə keçirilmiş forumlarda iştirak üçün Kənd Təsərrüfatı naziri İnam Kərimovun başçılığı ilə Azərbaycandan otuza yaxın aqrar sektoru təmsil edən bizneslərindən ibarət ticarət missiyası ABŞ-a səfər etdi. Hər iki səfər nəticəsində ABŞ və Azərbaycan biznesləri arasında 1 milyon ABŞ dollarından artıq həcmdə müqavilələr imzalandı və bu çox uğurlu göstəricidir.

Eyni zamanda, Palatamız iki ölkə arasında iqtisadi münasibətlərin təşviqi üçün tərəfdaşlıqlar şəbəkəsinin genişləndirilməsinə xüsusi önəm verir. Belə ki, ötən ilin aprel ayında iki ölkə arasında ticarət və biznesin təşviq edilməsi məqsədilə ABŞ-Azərbaycan Ticarət Palatası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan missiyası arasında Anlaşma Memorandumu imzalandı. Bununla, tərəflər Azərbaycanın qeyri-neft sektorunda kənd təsərrüfatı kimi inkişaf imkanları geniş olan sahələrdə texniki yardım və təlimlərin təşkili, habelə dövlət və özəl sektorun əməkdaşlığını təşviq edən birgə layihələrin keçirilməsini razılaşdırdılar. Qeyd edək ki, Azərbaycan-İllinoys Kənd Təsərrüfatı Forumu və Azərbaycan-Oklahoma Kənd Təsərrüfatı Forumu Palata ilə USAID/Azərbaycan arasında imzalanmış çərçivə sənədi əsasında təşkil edildi.

- Hazırda Palata iki ölkə arasında hansı aktual layihələri həyata keçirir?

- ABŞ-Azərbaycan Ticarət Palatasının layihələri əsasən, iki qrupa ayrılır. Birinci qrup layihələr, qeyd etdiyim kimi, iki ölkə arasında biznes və ticarətin təşviqinə, habelə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa yönəlik layihələrdir. İkinci qrup layihələr isə əsasən, sosial yönümlü layihələrdir ki, bu qəbildən olan layihələrimiz Palatanın nəzdində fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi vasitəsilə həyata keçirilir. 

Qeyd edək ki, Mərkəz iki ölkə xalqları arasında anlaşma və mədəni mübadilənin, habelə ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin həyata keçirilməsi üçün 2000-ci ildə Palatanın Direktorlar Şurasının qərarı ilə təsis edilib. Mərkəzin Vaşinqtonun tarixi Corctaun hissəsində iki sərgi salonu fəaliyyət göstərməkdədir. 2019-cu ilin noyabr ayında Palata ilə "Azərxalça" ASC arasında imzalanmış sənədə əsasən, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi birillik müddətə Azərbaycan xalçalarından ibarət sərgiyə ev sahibliyi etməkdədir. Ümumilikdə Azərbaycandan 55 ədəd xalça gətirmişik. Onlar hazırda Mərkəzin sərgi salonlarında və noyabr ayının sonuna qədər nümayiş olunmaqdadır. Gələcəkdə planlarımızda var ki, salonumuzda Azərbaycanlı rəssamların da, sərgilərini təşkil edək.

Palatanın iki ölkə arasında hazırda həyata keçirdiyi bir neçə layihələrdən bəhs etmək istəyirəm. Onlardan biri Azərbaycanın aqrar sektorunun ABŞ-ın qabaqcıl kənd təsərrüfatı ştatları ilə birbaşa ticarət və biznes əlaqələrinin yaradılması və genişləndirilməsinə xidmət edir. Bu məqsədlə, 2019-cu ildə keçirilmiş İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu və Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı forumları çərçivəsində Azərbaycandan qeyd olunan ştatlara səfər edilmiş, ticarət missiyası müxtəlif biznes dairələri ilə görüşlər keçirib, müxtəlif istehsal sahələrinə səfərlər etmişdilər.

Eyni zamanda bu il ölkəmizlə meyvəçilik sahəsində Vaşinqton və balıqçılıq təsərrüfatı sahəsində isə Meyn ştatları ilə əməkdaşlıqların qurulması nəzərdə tutmuşduq. Hər iki layihə qlobal pandemiya səbəbindən qeyri-müəyyən dövrə təxirə salınıb. Əlverişli imkan yaranan kimi layihələrin icrasına başlayacayıq.

Bununla yanaşı ABŞ şirkətlərindən ibarət və ABŞ-ın Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılmış növbəti ticarət missiyasının Azərbaycana və Gürcüstana səfərlərini nəzərdə tutmuşduq ki, qlobal pandemiya səbəbi ilə qeyd olunan layihənin icrası da, qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Palata və USAID/Azərbaycan tərəfdaşlığı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında aqrar sahədə ikili dərəcə proqramı hazırlanır. Proqram həm Azərbaycan Dövlət Aqrar Universitetində qabiliyyət quruculuğu, həm də tələbələrin Oklahoma Dövlət Universitetində təhsil almasını nəzərdə tutur. Qeyd edək ki, iki universitet arasında çərçivə sənədi 2019-cu ilin 6 noyabr tarixində, Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda imzalanıb.

- Pandemiya səbəbi ilə Palatanın fəaliyyəti necə icra olunur? Mövcud layihələrinizi hansı formada həyata keçirirsiniz?

- Məlum olduğu kimi, qlobal pandemiya səbəbindən qarşılıqlı səfərlər həyata keçirilmir. Buna baxmayaraq, Palata onlayn platformaların verdiyi imkanlardan istifadə edərək, Azərbaycanın dövlət və özəl sektor nümayəndələrinin Amerikalı tərəfdaşları ilə mütəmadi görüşlərini təşkil edir.

Ötən günlərdə Azərbaycan Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin əsas natiq qismində iştirak etdiyi veb-konfrans təşkil etdik . Konfransa Azərbaycan və ABŞ-ın bir sıra iş adamları, dövlət qurumları, o cümlədən ABŞ-ın Ticarət Xidməti və Kiçik Biznes Administrasiyasının nümayəndələri qatıldılar və çox məhsuldar görüş baş tutdu.

Eyni zamanda aprel ayında Palatanın təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatı qlobal pandemiya dövründə: İslahatlar və post-pandemiya gözləntiləri” mövzusunda veb-konfrans təşkil etdik. Konfransda əsas natiqlər qismində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Rüfət Atakişiyev çıxış etdilər. Konfransa 90-a yaxın iştirakçı, o cümlədən Amerika bizneslərinin regionumuza məsul ofislərinin nümayəndələri, habelə ABŞ Dövlət Departamenti, Ticarət Nazirliyi və hər iki ölkənin səfirliklərinin nümayəndələri qoşulmuşdular. Bu kimi, qarşılıqlı əməkdaşlığa töhfə verəcək layihələr reallaşdıraraq bu çətin günlərdə də, vəziyyəti idarə etməyə çalışırıq.

İyun ayının 1-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov ilə regional yükdaşımalar və Azərbaycanın roluna dair veb-konfransın təşkil edilməsi nəzərdə tuturuq.

Palatanın Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi vasitəsilə sosial sahədə həyata keçirdiyi xeyli sayda layihələrdə var. Düşünürəm ki, onlardan ən əhəmiyyətlisi ABŞ-da Azərbaycan dilinin tədrisidir. Belə ki, ABŞ-da yaşayan azyaşlı soydaşlarımıza Azərbaycan dilinin öyrədilməsi məqsədi ilə Palata ilə ABŞ-dakı Azərbaycan Səfirliyi birgə “Vaşinqtonda Azərbaycan Məktəbi” layihəsini həyata keçirir. Məktəbdə otuza yaxın azərbaycanlı uşaq ana dilində tədris edilir və eyni zamanda onlara Azərbaycan mədəniyyəti və tarixi barədə məlumatlar verilir.

Hazırda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələrinə təqdim edilməsi və onların birbaşa ünsiyyətinin qurulması məqsədilə “Şənbə Söhbətləri” layihəsini həyata keçirir. Bu günədək “Şənbə Söhbətləri”nin qonaqları Azərbaycan fəlsəfi şerinin görkəmli nümayəndəsi Xalq Şairi Ramiz Rövşən, Azərbaycanın Xalq Yazıçısı, detektiv janrının görkəmli nümayəndəsi Çingiz Abdullayev, XXI əsrin çempionu və əməkdar artist Bəhram Bağırzadə və Azərbaycanın fortepiano sənətinin görkəmli nümayəndəsi, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olub. Növbəti həftələrdə uğurla davam edən bu layihədə çox böyük şəxsiyyətlərimizi qonaq edəcəyik . Düşünürəm ki, bununla da biz, çətin günlərdə xüsusilə də, ABŞ-da yaşayan həmvətənlərimizin faydalı və məhsuldar vaxt keçirmələri üçün əlimizdən gələni əsirgəmirik.

Digər çox əhəmiyyətli bir layihəmiz haqda da, sizi məlumatlandırmaq istəyirəm. Belə ki, Azərbaycanda məktəbin sonuncu sinif şagirdləri və birinci kurs tələbələri arasında aqrar biznesin təşviq edilməsi məqsədilə Palata tərəfindən “Bilik Ferması” layihəsi işlənilir. Layihə bir qrup Azərbaycanlı tələbənin Amerikalı həmyaşıdları ilə birgə Merilənd ştatının kənd təsərrüfatı qoruqlarının birində təlimlənin təşkil edilməsini nəzərdə tutur.

- Natiq bəy, Azərbaycanda post-neft dövrü başlamaq üzrədir. ABŞ qeyri-neft sektorunun inkişafına hansı formada dəstək verə bilər?

- Peşəkar fəaliyyətimiz dövründə Azərbaycanla ABŞ arasında əsasən, qeyri-neft sektorunda əməkdaşlıq ABŞ-Azərbaycan Ticarət Palatası üçün prioritet sahələrdən olub. Qeyd etdiyim kimi, bu günədək yüksək texnologiyalar, turizm və kənd təsərrüfatı sahələrində iki ölkə arasında ticarət missiyaları təşkil etmişik. Bunlara əlaqədar olaraq 2013-cü ilin 2-4 dekabr tarixlərində həyata keçirdiyimiz Yüksək Texnologiyalar sahəsində Ticarət Missiyasını da nümunə olaraq göstərə bilərəm. İcra etdiyimiz uğurlu layihələrdən biri idi.

Hazırda Palata Azərbaycan istehsalı olunan məhsulların ABŞ bazarına sistemli şəkildə təqdim edilməsi sahəsində bir sıra tərəfdaş təşkilatlar, o cümlədən Azərbaycan İxrac və İnvestisiyaların təşviqi Fondu ilə birgə ilkin layihələr üzrə müzakirələr aparmaqdadır. Qısa zamanda bu müzakirələrin çoxtərəfli sənədlərlə möhkəmlənəcəyini və Azərbaycanın rəqabətə davamlı məhsullarının ABŞ bazarlarına sistemli şəkildə daxil olacağını gözləyirik.

Bundan başqa, Azərbaycanda kənd təsərrüfatı və qida emalı sahələrində rəqabətliliyin artırılması məqsədilə ABŞ-dakı bir sıra tərəfdaş təşkilatlarla müəyyən işlər aparılmaqdadır. Onu da qeyd edim ki, ötən ilin 17 may tarixində qida təhlükəsizliyi sahəsində elmi və akademik əməkdaşlığın və məlumat mübadiləsinin təşkil edilməsi məqsədilə Palata, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutu və ABŞ-ın bu sahədə aparıcı ali təhsil və araşdırma mərkəzlərindən olan Merilənd Universiteti ilə Anlaşma Memorandumu imzalandı.

- İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu, fəaliyyət göstərən şirkətlərin sayı və sferaları barədə nə deyə bilərsiniz?

- İlk öncə onu qeyd edək ki, ABŞ investisiyalarının Cənubi Qafqaz regionunda əsas ünvanı Azərbaycandır. 13,6 milyard ABŞ dolları həcmində investisiya ilə ABŞ Azərbaycana ən çox sərmayə yatırmış 10 ölkədən biridir. Düzdür, bu investiyaların böyük hissəsi neft sektorunun payına düşsə də, ABŞ şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda payının artımı da müşahidə olunmaqdadır.

Azərbaycan Dövlət Neft Fondunun da ABŞ bazarlarına 6 milyard dollardan artıq investisiya qoyuluşu qarşılıqlı sərmayə qoyuluşuna əhəmiyyətli töhfə verib.

Hazırda Azərbaycanda 234 ABŞ şirkəti qeydiyyatdadır. ABŞ şirkətlərinin Azərbaycan bazarında əsas fəaliyyət istiqamətləri neft və əlaqəli digər sahələrlə bağlıdır. Buna baxmayaraq, düşünür ki, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı, alternativ enerji, loqistika, tranzit daşımalar zamanı əlavə dəyər xidmətləri, turizm, habelə elm və təhsil sahələrində birgə əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Bu imkanların aşkarlanması və reallaşdırılması üçün həm dövlət, həm də özəl sektor nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin mütəmadi şəkildə həyata keçirilməsini vacib hesab edirik. Planlarımız çoxdur və yaxın gəlcəkdə bütün bunların uğurla reallaşdıracağımıza ümid edirik.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi