2030-cu ilə qədər Qarabağın qeyri-neft sektorunda 5-10% payı ola bilər

2030-cu ilə qədər Qarabağın qeyri-neft sektorunda 5-10% payı ola bilər Qarabağda iqtisadiyyatın altı əsas istiqamətdə inkişafı gözlənilir
Biznes
103
10 İyun , 2021 11:20
2030-cu ilə qədər Qarabağın qeyri-neft sektorunda 5-10% payı ola bilər
Vüsal Qasımlı

“Qarabağda iqtisadiyyatın altı əsas istiqamətdə inkişafı gözlənilir: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm. 200 min hektar kənd təsərrüfatı sahəsi və bundan da çox örüş sahəsi, həmçinin keçmiş cəbhə xətti boyunca istifadəsiz qalan on minlərlə hektar torpaq sahəsi aqrar biznesin resurs əsasını təşkil edir”.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

V.Qasımlının sözlərinə görə, hesablamalar göstərir ki, orta müddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 % töhfə verəcək:

167 faydalı qazıntı ehtiyatı hesabına Qarabağda dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də, Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesinə təsiri 5,3 %, emal sənayesinə isə 4,3 % ola bilər.

Cəbrayıl rayonu nəqliyyat-logistika mərkəzi olmaqla, həm Türkiyə və İran, həm də Qarabağın digər regionlarımızla əlaqə xətlərinin üzərində yerləşir. Qarabağ bölgəsinin Azərbaycanda nəqliyyat xidmətlərinə olan təsiri 4,9 % qiymətləndirilir. Şuşa nəinki Qarabağın, bütövlükdə Azərbaycanın, gələcək illərdə isə islam və türk dünyasının mədəniyyət mərkəzi statusunda turizmin əsas drayverinə çevriləcək. Qarabağ bölgəsinin ən iri şəhəri 70 minlik – Ağdam şəhəri isə bölgənin yüngül sənaye və xidmət mərkəzi funksiyasını daşıya bilər.

Qarabağ bölgəsində 0,5 qiqavat külək, 0,7 qiqavat su və 4 qiqavat günəş enerjisi potensialı regionun yaşıl enerji zonasına çevrilməsinə zəmin yaradır. Xudafərin, Qız Qalası, Suqovuşan stansiyaları, həmçinin Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları Qarabağ bölgəsinin ilkin enerji tələbatını ödəmək gücündədir. BP-nin Qarabağda yaşıl enerjiyə sərmayə yatırmaq niyyəti nəinki alternativ enerji sahəsinə, bütövlükdə Qarabağ bölgəsinə sərmayə cəlbinə əlavə təkandır”.

V.Qasımlı bildirib ki, Qarabağda təhlükəsizliyin təmin olunması, o cümlədən, minalardan təmizlənmə və infrastrukturun yaradılması istiqamətində əsas yük dövlət büdcəsinin üzərinə düşsə də, beynəlxalq inkişaf partnyorları, özəl sektor və diaspora sərmayələri iqtisadiyyatın canlandırılmasında həlledici ola bilər. Həmçinin 2030-cu ilə qədər Qarabağ Azərbaycanın qeyri-neft sektorunun 5-10 %-i həddində iqtisadiyyata malik ola bilər.

Son xəbərlər

Orphus sistemi