2019-cu ildə daşınmaz əmlak bazarının ümumi vəziyyəti və 2020-ci il üzrə gözləntilər - RƏYLƏR

2019-cu ildə daşınmaz əmlak bazarının ümumi vəziyyəti və 2020-ci il üzrə gözləntilər - RƏYLƏR 2019-cu il ərzində ölkədə baş verən müxtəlif iqtisadi və sosial proseslərdən təsirlənən əsas sektorlardan biri də daşınmaz əmlak bazarı oldu. Belə ki, hər il olduğu kimi ötən ildə ipoteka kreditlərinin verilməsi, eyni zamanda paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması ilə əlaqədar əhalinin yeni mənzillərlə təmin edilməsi və digər amillər daşınmaz əmlak bazarının ümumi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynadı.
Biznes
3 Yanvar , 2020 10:00
2019-cu ildə daşınmaz əmlak bazarının ümumi vəziyyəti və 2020-ci il üzrə gözləntilər - RƏYLƏR

2019-cu il ərzində ölkədə baş verən müxtəlif iqtisadi və sosial proseslərdən təsirlənən əsas sektorlardan biri də daşınmaz əmlak bazarı oldu. Belə ki, hər il olduğu kimi ötən ildə ipoteka kreditlərinin verilməsi, eyni zamanda paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması ilə əlaqədar əhalinin yeni mənzillərlə təmin edilməsi və digər amillər daşınmaz əmlak bazarının ümumi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynadı.

“Report” 2019-cu il ərzində daşınmaz əmlak bazarında gedən prosesləri daha ətraflı şərh etmək üçün ekspertlərin fikirlərini öyrənib.

“Property” qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami hesab edir ki, 2019-cu ildə bazarda ümumilikdə stabil bir vəziyyət olub:

“2018-ci ilə nisbətən ötən ildə aktivlik bir qədər zəif olub. Yanvar-aprel aylarında ölkədə ipoteka kreditlərinin geniş yayılması bazarda nisbi aktivlik yaratmış və mənzillərin qiymətləri də müəyyən qədər yüksəlmişdi. Sonrakı 4-5 ay ərzində isə bazarda bir passivlik yarandı. Bir də ilin son 1-2 ayı ərzində bir qədər aktivlik təmin olundu. Bu aylarda da ipoteka kreditləri üçün müəyyən qədər maliyyənin ayrılması bazara öz təsirini göstərdi. Müxtəlif aylarda aktivliyin yaranmasının bir səbəbi də bir sıra ərazilərdə söküntü işlərinin aparılması nəticəsində bazarda nəğd pul axınlarının artması idi. Belə ki, ölkədə həyata keçirilən bir sıra pilot layihələr çərçivəsində bir sıra köhnə evlər söküldü və orada yaşayan əhali nəğd pul, eyni zamanda yeni mənzillə təmin edildi. Qiyməti 150 min manata qədər olan əmlakların alqı-satqı əməliyyatlarında aktivlik olub. Daha ucuz əmlaklarla bağlı isə passivlik hökm sürüb.

"İl ərzində bazarda əmlakların qiyməti ərazidən və alıcılıq qabiliyyətindən asılı olaraq dəyişib".

Pərviz Qulami

“Property” qiymətləndirmə şirkətinin direktoru

İl ərzində bazarda əmlakın qiyməti ərazidən və alıcılıq qabiliyyətindən asılı olaraq dəyişib. İlin ilk 4 ayında müəyyən aktivlik yaranması ilə əlaqədar, xüsusən metrostansiyalara yaxın olan ərazilərdə qiymətlər 5-10% -ə qədər artmışdı. İlin 5-ci ayından 10-cu ayına qədər bazarda passivlik olduğu üçün qiymətlər bir qədər aşağı düşdü. İlin ortasındakı həmin dayanmanın səbəbi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun əsas vəsaiti kirayə mənzillərlə bağlı layihəyə yönəltməsi idi.

Bildiyimə görə, 2020-ci ildə də dövlət ipotekasına kifayət qədər vəsait ayrılacaq. Bu bazarda müəyyən aktivlik və cüzi də olsa qiymət artımı yarada bilər. Ötən ilin əvvəlində də belə proqnoz vermişdik və bu, özünü doğrultdu”.

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı da il ərzində bazarın ümumi vəziyyətinin stabil olduğunu deyib: 2019-cu ildə daşınmaz əmlak bazarının ümumi vəziyyəti 2018-ci ildən elə də ciddi fərqlənmədi. Düzdür, müəyyən qərarların qəbulu ilə bağlı bəzi liberal dəyişiklikləri qeyd edə bilərik. Amma bütövlükdə dinamikliyin artımı, alqı-satqı əməliyyatlarının sayı və qiymət dəyişmələri baxımından göstəricilər demək olar ki, 2018-ci ildə olanlarla eyni idi. Bütövlükdə il ərzində daşınmaz əmlak bazarının ayrı–ayrı seqmentlərində qiymətlərin dəyişməsi daha çox birrəqəmli göstəricilərlə qeydə alınıb. Yalnız ilin son 3 ayında baş verən proseslər nəticəsində ilkin mənzil bazarı ilə torpaq bazarında qiymətlərin nisbətən artımı bu seqmentlər üzrə qiymət artımını iki rəqəmli göstəriciyə çatdırdı. 

Məsələn, mənzil bazarı üzrə 2019-cu ilin əvvəli ilə müqayisədə təkrar mənzil bazarında ümumi qiymət artmı 9%, ilkin mənzil bazarında isə 13,5% təşkil edib. Torpaq bazarında isə qiymət artımı 11,6% qiymət artımı olub. Qeyri-yaşayış sahələrinin qiymətlərində artım qeydə alınsa da bu, elə də böyük bir artım olmadı. Qeyri-yaşayış sahələrində ötən ilin əvvəli ilə müqayisədə qiymət artımı 7,7% təşkil edib. İpoteka kreditlərinin həcmi 2019-cu ildə qismən azaldı. Yəni 2018-ci il ərzində ümumilikdə təqribən 260 milyon manata qədər ipoteka krediti verilmişdisə, 2019-cu ilin 11 ayının sonlarına görə bu rəqəm təqribən 160 milyona yaxındır. Hələ ki, dekabr ayının göstəriciləri tam məlum deyil. Çox güman ki, illik göstərici 200 milyon manata çatmayacaq. Son illərin araşdırmaları göstərir ki, ipoteka kreditlərinin ümumi alqı-satqıdakı payı hər il artan xəttlə davam edir. Doğrudur, ötən ilki göstəricilər bir qədər fərqli oldu. Amma bütövlükdə ipoteka kreditlərinin sayı son illərdə artan xətt üzrə davam edir.

"Bu il bazar üzrə olan proqnozlarımız demək olar ki, özünü doğrultdu".

Ramil Osmanlı

Daşınmaz əmlak eksperti

2019-cu il bazar üzrə olan proqnozlarımız demək olar ki, özünü doğrultdu. Lakin bəzi istisnalar oldu. Məsələn, biz 2018-ci ilin sonunda düşünürdük ki, ötən ildə ilkin mənzil bazarı üzrə əməliyyatların sayı azala bilər. Hətta qiymət azalmasına dair proqnozlar var idi. Amma bunun əksi baş verdi. Təkrar mənzil bazarı və torpaq bazarı üzrə proqnozlar isə demək olar ki, özünü doğrultdu. 2020-ci ildə bazarın ümumi dinamikliyi keçən ilkindən fərqlənəcək. Hesab edirəm ki, qəbul edilən qərarlar həm mənzil bazarı, həm də digər seqmentlərdə qismən aktivliyi artıracaq. Hətta qiymətlərin artımı da proqnozlaşdırılır. Düşünürəm ki, bu ildə təkrar mənzil bazar üzrə qiymət dəyişmələri keçən ilkindən elə də ciddi fərqlənməyəcək. Qiymət artımları 10%-dən az və yenə də bir rəqəmli olacaq. Amma ilkin mənzil bazarı üzrə bəzi ərazilərdə qiymətlərin 15% və daha çox olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi