XİN rəhbəri: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir"

XİN rəhbəri: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir" "Azərbaycan müharibə və silahlı münaqişələrin baş verməsindən çox narahatdır"
Xarici siyasət
22 Sentyabr , 2016 21:51
XİN rəhbəri: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir".

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu sözləri Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündə çıxışı zamanı bildirib.

Nazir bugünkü görüşün artan gərginlik və beynəlxalq sülh və təhlükəsizliyə hədələr fonunda keçirildiyini diqqətə çatdırıb:

"Bugünkü görüş İƏT Üzv Dövlətlərinin bəzilərinə birbaşa təsir edən artan gərginlik və beynəlxalq sülh və təhlükəsizliyə hədələr fonunda keçirilir. Beynəlxalq terrorizmə vəsilə olan zorakı ekstremizmin artması, qorxu və insan hüquqları pozulmalarının çoxalması Müsəlman Ümmətinə sülh, təhlükəsizlik və ədalət gətirilməsi vəzifəsini daha da mürəkkəbləşdirir.

Azərbaycan böyük təhlükəsizlik problemlərinin, bəzi regionlardakı qeyri-sabitlik, geniş miqyaslı yerdəyişmə və görünməmiş humanitar böhranların həll olunmasına öz töhfələrini vermiş bir sıra İƏT Üzv Dövlətlərindəki müharibə və silahlı münaqişələrin baş verməsindən çox narahatdır".

O bildirib ki, hazırda dünyanın üzləşdiyi çoxsaylı problemlər sırasında ilk yeri şübhəsiz ki qlobal sabitlik və firavanlığı sarsıtmaqda davam edən terrorizm tutur.

"Çox təəssüf ki, sonuncu görüşümüzdən ötən vaxt ərzində İƏT üzv dövlətlərinin əraziləri də daxil olmaqla dünyanın müxtəlif yerlərində törədilmiş terror hücumları ilə bağlı faciəvi xəbərlər almışıq.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə edilməlidir. Terroristləri qoruma və öymə hallarına yol verilməməlidir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi