Bakı. 15 may. REPORT.AZ/ "Əminəm ki, beynəlxalq ictimaiyyət Ermənistanı məsuliyyətə cəlb edəcək. Bu gün Ermənistanın yalnız Azərbaycana yox, həm də Türkiyə, Gürcüstan və digər qonşu dövlətlərə ərazi iddiaları var".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə İnsan Hüquqları Şurasının 30-cu iclasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsi zamanı deyib.
"Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Ermənistan təcavüzünə görə cavab verməlidir. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın işğal olunmuş ərazilərini azad etməkdir", - X.Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan dinamik inkişafına və müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək.